İndiyə qədər Mərkəzi Asiya ölkələrinin nəqliyyat, enerji və ticarət sahəsindəki əməkdaşlığına 30 mlrd. dollar pul qoyulub


İqtisadiyyat 28 Okt 2017 16:08:00 357 0

İndiyə qədər Mərkəzi Asiya ölkələrinin nəqliyyat, enerji və ticarət sahəsindəki əməkdaşlığına 30 mlrd. dollar pul qoyulub

ADB-nin prezidenti: "Region ölkələri sürətlə inkişaf etsə də, bir sıra ciddi çətinliklərlə üz-üzədirlər"

İndiyə qədər Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Korporasiyasına (Central Asia Regional Economic Cooperation- CAREC) daxil olan 11 ölkə arasında nəqliyyat və enerji sahəsindəki əməkdaşlığı genişləndirmək, ticarətin həcmini artırmaq üçün 30 mlrd. ABŞ dollarından çox investisiya yatırılıb. Bunun təxminən 30%-ni və yaxud 10,5 mlrd. dollarını Asiya İnkişaf Bankı (ADB) yatılıb”. 

"Report” xəbər verir ki, bunu Düşənbədə (Özbəkistan) keçirilən CAREC-in nazirlər konfransında çıxış edən ADB-nin prezidenti Takehiko Nakao deyib.

Onun sözlərinə görə, region ölkələri sürətlə inkişaf etsə də, bir sıra ciddi çətinliklərlə üz-üzədirlər: “Qlobal iqtisadi-maliyyə böhranının təsirləri, neft-qaz qiymətlərinin aşağı olması əsas çətinliklərdir. İqlim dəyişikliyi isə əsas qlobal və regional problemdir. Bu tipli çətinliklər sərhəd tanımır”.

ADB prezidenti CAREC regionunda iqtisadi inkişaf, sabitlik və rifah üçün 4 əsas istiqamətin olduğunu da deyib: “Birincisi nəqliyyat, enerji və ticarətin asanlaşdırılması kimi ənənəvi sahələrin inkişaf etdirilməsi lazımdır. Yaxşı yollar və dəmir yolu xətləri, etibarlı enerji təchizatı olmadan regional əməkdaşlığı təmin etmək mümkün deyil. Həmçinin yeni texnologiyaların inteqrasiya edildiyi infrastruktur investisiyaları qlobal dəyər zəncirinin formalaşmasına və təmiz və bərpa edilən enerjinin payının artmasına şərait yaradacaq. İkincisi, üzv ölkələr arasında iqtisadi və maliyyə sabitliyinin təmin edilməsi üçün makroiqtisadi siyasətdə dialoqa ehtiyac var. Üçüncüsü Mərkəzi Asiya regionu ölkələri yenin sahələrdə əməkdaşlıq yolları tapmalıdır. “CAREC 2030” proqramının turizm, kənd təsərrüfatı, səhiyyə və təhsil sahəsindəki təşəbbüsləri dəstəkləməsi ölkələrin davamlı inkişaf məqsədlərinə nail olmağa kömək edəcək. Nəhayət Mərkəzi Asiyada inkişaf xalqların imkanlarını artırmaq üçün çox vacibdir. İnsanlar arasında əlaqələrin genişlənməsi fərdi hərəkətliliyi dərinləşdirəcək. İşgüzar əlaqələrin genişləndirilməsi, özəl sektorun inkişafını artırmaq və iş yerləri yaratmaq üçün vacibdir”.

Qeyd edək ki, T.Nakao çıxışında “CAREC 2030” proqramına dəstək vermək üçün ADB-nin 5 mlrd. dollar kredit ayıracağını deyib.

Xatırladaq ki, 1997-ci ildə yaradılmış CAREC-ə 11 ölkə üzvdür. Bunlar Azərbaycan, Çin, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistandır.