Marneulidə güllə yarası almış Ceyhun Çoydarov xəstəxana palatasına köçürülüb


Dünya 28 Okt 2017 13:18:41 361 0

Marneulidə güllə yarası almış Ceyhun Çoydarov xəstəxana palatasına köçürülüb

Digər yaralı Vüqar Bayramovun da vəziyyəti yaxşıdır

Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində odlu silahdan açılmış atəş nəticəsində yaralanmış Ceyhun Çoydarov bu gün, oktyabrın 28-də palataya köçürülüb.

Bu barədə “Report”un Gürcüstan bürosuna yaralının yaxın dostu Ayaz Məmmədov məlumat verib.

A.Məmmədov deyib ki, həkimlər C.Çovdarovu müayinə etdikdən sonra onu bu gün palataya köçürüblər: “Ceyhun Çovdarov özünü tam yaxşı hiss edir. Bu gün o dostları ilə deyib gülür, zarafatlaşır. İnanırıq ki, yaxın günlərdə Ceyhun bələdiyyə məclisinin üzvü kimi fəaliyyətə başlayacaq”.

A.Məmmədov onu da bildirib ki, digər yaralı Vüqar Bayramovun da vəziyyəti yaxşıdır. O da yaxın günlərdə evə buraxılacaq.

Qeyd edək ki, oktyabrın 19-da naməlum şəxslər Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd Ceyhun Çoydarovu və daha bir neçə adamı odlu silahdan atəş açmaqla yaralayıblar.

C.Çoydarov “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından yerli özünü idarəetmə orqanına seçkilərdə bələdiyyə məclisinə namizəd olaraq irəli sürülmüşdü. O, oktyabrın 21-də yüksək səs çoxluğu ilə bələdiyyə deputatı seçilib.