Radikal dindarların terror planları və mitinqə çağıranların əsl istəyi


Siyasət 28 Okt 2017 07:00:00 361 0

Radikal dindarların terror planları və mitinqə çağıranların əsl istəyi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) oktyabrın 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində partlayıcı maddələr əldə edərək ölkə ərazisində dini ekstremizm zəminində terror aktları planlaşdıran bir qrup şəxs zərərsizləşdirilib.

Bakıda terror aktları planlaşdıran şəxslər məhv edilib

Məlum olub ki, xarici dövlətlərdə fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş həmin şəxslərin başçısı "Abdullah" ləqəbli Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu olub. Terrorçular məhz onu özlərinə "əmir" seçibmişlər. Cinayətkarlar ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla partlayıcı-yandırıcı predmetlər hazırlayıb, 2017-ci il oktyabr 22-də isə onları Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaqdan keçiriblər. Onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq üçün özünü müxalifət adların qüvvələrin 2017-ci il oktyabrın 28-də Bakıda keçiriləcək mitinqində terror aktı törətməyi planlaşdırırmışlar.

Lakin onların bu arzuları ürəyində qalıb və DTX dini radikalların terror planlarını pozub. Belə ki, DTX-nın xüsusi əməliyyat qrupu cinayətkar dəstənin 3 üzvünü -  Azərbaycan vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, "Əbu-Yunis" ləqəbli Məsimli Anar Mehman oğlu, "Əbu-Vakkaz" ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahla müqavimət göstərərkən məhv edib.

O da mləum olub ki, son zamanlar xüsusi xidmət orqanlarının istər paytaxtda, istərsə də respublikanın müxtəlif rayonlarında həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində zərərsizləşdirilib məhv edilən və həbs edilən radikal dinçi-terrorçuların hamısı sələfilər (vəhhabilər) olub. Həmin şəxslər islam dini ilə pərdələnərək əslində, hərbi təlim görmüş və terrorçuluq fəaliyyəti məşğul olan radikal qrupların sıralarında olub, onlara müxtəlif formada dəstək verib, ideyalarının təbliğində canfəşanlıq göstəriblər.

Qayıdaq terrorçuların ifşa edilən məqsədlərinə. Qeyd etdiyimiz kimi, bu dini radikallar oktyabrın 28-də başda AXCP sədri Əli Kərimli olmaqla müxalifətin mitinqində partlayış törətməyi planlaşdırırmışlar. O da məlumdur ki, artıq xeyli müddətdir ki, Əli Kərimlinin və onun yaxın ətrafının dini radikallarla sıx əməkdaşlıq etdiyi bildirilir. DTX-nın son antiterror əməliyyatı ilə bağlı rəsmi məlumatı yayıldıqdan sonra əlikərimçilər radikalların məhz onlara qarşı partlayış törətməsi planlarını arqument gətirərək deyirlər ki, bizim dini radikallarla bir olduğumuz haqda söylənilənlər yalandır, iftiradır. Əgər belə olsaydı, onlar bizə qarşı terror aktı planlaşdırmazdılar. Bu, sadəcə bir məqamdır.

Digər məqamsa odur ki, böyük bir təhlükənin qarşısını vaxtında alan xüsusi xidmət mühafizə orqanlarına böyük təşəkkür düşür. Biz təşəkkür edərək öz borcumuzdan çıxırıq. Bəs gəlin görək, əsl təşəkkür etməli qüvvələr necə, onlardan səs çıxırmı?

Reallıq budur: mitinqlər zamanı həyata keçirilən təhlükəsizlik tədbirləri, habelə əraziyə gələn şəxslərin ciddi yoxlanılması hər zaman radikal müxalifətin etirazına səbəb olub. Onlar bunu əldə bayraq edərək insanların toplaşmasına maneə kimi qələmə verib və xaricə göndərdikləri "donoslar"da da bundan ağız dolusu bəhs ediblər. Ötən gecə DTX tərəfindən mitinqdə terror aktları planlaşdıran şəxslərin zərərsizləşdirilməsi faktı bir daha göstərdi ki, görülən tədbirlər əbəs deyilmiş. Bu hadisə həm də dövlətlə radikal müxalifətin vətəndaşlara yanaşmasındakı fərqi açıq ortaya qoyur. Azərbaycan dövləti üçün vətəndaşlarının təhlükəsizliyi, ölkədəki sabitliyin qorunması hər cür siyasi çəkişmələrin fövqündə dayanır. Özünü müxalifət adlandıranların çoxu isə heç nə olmamış kimi davranmağa davam edir. Təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin vacibliyi ya onların dar düşüncəsinə sığmır, ya da aksiyalara gələn insanların həyatı onlar üçün əhəmiyyətli deyil. Elə buna görədir ki, son hadisələrlə bağlı müxalifət cəbhəsində susqunluq və öz qınına çəkilmək meyilləri müşahidə olunur.

Daha bir önəmli məqam isə radikal dindarların dəstəyini qazanmağa çalışan AXCP və "Milli Şura"nın mitinqində terror aktı törətməyə çalışanların özlərinin də dinlə pərdələnən ekstremistlər olmasıdır. Məqsəd o qədər də mürəkkəb deyil və onun konturlarının daxilində radikal müxalifətin liderləri ilə radikal dindarlar arasında sıx əlaqələrin olmamasını göstərmək durur.

Bu, yetərincə bəsit, "Məhsul" stadionuna yığışmağa çağırışlar edənlərin primitiv niyyətlərini aşkarlayan istəklər toplusudur. O niyyətlər ki, baş tutmayıb və bundan sonra da reallaşması mümkün deyil. Çünki etimadı, inamı və nüfuzu çoxdan itirmişlərin cəhdləri sürəkli pərişanlığa düçardır.

Pünhan Mirzə

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində