Lotu Qulinin qayıdışı: Kriminal aləmi nələr gözləyir? FOTO


Kriminal 27 Okt 2017 16:53:53 375 0

Lotu Qulinin qayıdışı: Kriminal aləmi nələr gözləyir?  FOTO

Quli İstanbuldadır. İçəridə olarkən ona biət edən, müttəfiqi olanlar da artıq yanına axışır.

Son.az lent.az-a istinadla xəbər verir ki, bu sırada ən azı Rafət Əlibayramlinski və hazırda Avstriyada yaşayan Saşa Kuşneri göstərmək olar. 

Telefonla təbrik zəngləri isə ara vermir. Keçmiş SSRİ-nin hər yerindən, Avropadan, ABŞ-dan gələn zənglərdə 45 yaşlı qanuni oğruya təbriklər çatdırılır.

Əslində, tərəfdarları Qulinin azad ediləcəyini hələ avqust ayından gözləyirdilər. Məhz avqustdan başlayaraq, onlar günləri saymağa başladılar. Düzdür, bu barədə Quliyə yaxın olduqca sıx dairə məlumatlıydı. Məsələn, qardaşı Namiq Bakinski. Amma oktyabrın 24-də Qaradağ məhkəməsindən yayılan xəbər açıq səmada şimşək effekti verdi. Nəinki Azərbaycan mediası, Rusiya KİV-i belə, bu hadisəyə geniş yer ayırdı.

Quli çaplı və özü də uzun müddət həbsdə olan şəxslərin azad edilməsi oğru aləmində sevinclə qarşılanır. "Yaponçik" azad ediləndə də belə olmuşdu, "Şakro Molodoy"  İspaniya türməsini tərk edəndə də. Amma bir məsələ var: "Yaponçik" nə qədər populyar və klassik oğru olsa da, geniş maddi imkanları yox idi, "Şakro"da isə hər ikisi vardı, amma bəxtsiz idi, azadlığa çıxıb Moskvaya yerləşib, xaç atası "Ded Xasan"ın yerini tutmamış... yenidən həbs edildi.

Bu gün Qulidə bunların hamısından var. Və onlarla müqayisədə bir üstünlüyə də malikdir. Cavandır: vur-tut 45 yaş.

Həbsxana təcrübəsinə və yaşadığı oğru həyatına görə, Quli yeni tip avtoritetlərdəndir. Onun hansısa briqadası yox, az qala transmilli korporasiyası var. Bir ucu Türkiyədən tutmuş, Rusiyanın Uzaq Şərqinədək. Rusiyada Rövşənin ölümündən sonra müxtəlif milli mütəşəkkil cinayətkar dəstələr tərəfindən diskriminasiyaya məruz qalan azərbaycanlılar üçün Qulinin azadlığa çıxması göydəndüşmə oldu.  Artıq azərbaycanlı kriminalitet, sözsüz, Qulini böyük qardaş kimi qəbul edib, ona biət edəcək. Düzdür, Rövşən Lənkəranskinin tərəfdarları hələ də öz mövqelərini qoruyub saxlayıblar. Məsələn, onun yeznəsi Zaur Əhmədov hələ də Quliylə müharibə vəziyyətindədir. 

Quli həbsdən çıxan gün - təsadüfdürmü? - Rusiyanın Sankt-Peterburq şəhərində Rövşən Lənkəranskinin dəstəsinin üzvləri olan Emin Əhmədov, Hüseyn İsgəndərov və Mehman Əmiraslanov saxlanılıblar. Həmin adamlar Lotu Qulinin yaxın ətrafına aid olan Elşən Məmmədovun qətlində günahkar bilinir.

Elşən Məmmədov - hansı ki, Quli həbsdən çıxan gün onun qəbrini ziyarət edib. Elşən Qulinin ən yaxın adamlarından biri olub. O, bu il sentyabrın 12-də Tiflisin mərkəzində "Toyota Land Cruiser" markalı avtomobilində güllələnib.

Saxlanılanlardan Emin Əhmədov isə Zaur Əhmədovun doğma qardaşıdır. Rövşən Lənkəranskinin Türkiyədə öldürülməsindən sonra onun "imperiya"sı faktiki olaraq, Zaur Əhmədov tərəfindən idarə edilir.

Zaur Əhmədov həm də "Lotu Quli"nin adamlarına edilən sui-qəsdlərin əsas təşkilatçısı sayılır. 

***

Bu gün əksər azərbaycanlı qanuni oğrular Qulinin tərəfindədir. Xüsusilə Vaqif Bakinski. Hazırda Moskvada yaşayan Vaqif Rusiya paytaxtındakı əksər bazarlara nəzarət edir. Onun indiyədək Quliylə heç bir problemi olmayıb. Əksinə, tərəflər bir-birinə hörmətlə yanaşıblar. Aldığımız məlumata görə, Vaqif Bakinski də hazırda İstanbuldadır. Tərəflərin görüşü və apardıqları söhbət böyük planda gələcəyə hesablanmış bir çox mətləblərə də aydınlıq gətirə bilər.


Xəbərə aid fotolar