Azərbaycanda fiziki şəxslərin istifadə etdiyi proqram təminatının 99%-i lisenziyasızdır


İqtisadiyyat 27 Okt 2017 14:11:17 278 0

Azərbaycanda fiziki şəxslərin istifadə etdiyi proqram təminatının 99%-i lisenziyasızdır

Ekspert: "Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların qadağan edilməsi piratçılığın inkişafına müsbət təsir edir"

 Bu gün Azərbaycanda fiziki şəxslər tərəfindən istifadə edilən proqram təminarlarının 99%-i lisenziyasızdır. "Report" xəbər verir ki, bunu BSA şirkətinin rəsmisi Nəriman Ramazanov "Microsoft" şirkətinin Bakıda təşkil etdiyi "Device Day" tədbirində çıxışı zamanı deyib.

N.Ramazanov qeyd edib ki, Azərbaycanda piratçılığa qarşı apardıqları maarifləndirmə işləri öz təsirini verib: "Apardığlmız maarifləndirmə işləri nəticəsində Azərbaycan bazarında piratçılığın ümumi səviyyəsi 92%-dən 86%-ə, sonra isə 85%-ə düşüb".

Ekspert hesab edir ki, Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların qadağan edilməsi piratçılığın inkişafına müsbət təsir edir: "2015-ci ilin dekabrında qərar çıxdı ki, sahibkarlıq sahəsində yoxlamalar 2 illik dayandırılsın. Əvvəllər biz yoxlamalar üçün hansısa quruma müraciət edirdik, amma indi bu, alınmır. Bu səbəbdən hələ də piratçılığın səviyyəsi 85% civarında qalıb".

N.Ramazanovun sözlərinə görə, bazarda daha böyük paya malik olan şirkətlərin pirat proqramlarının yayılmasında rolu böyükdür: "Əslində, əgər lisenziyalı sistem olmasa, mağazalar texnikanı proqramı təminatı olmadan satmalıdır. Amma bir çox hallarda onlar pirat proqramlarından istifadə edir. Düzdü, bu sahədə moratorium elan edilib. Amma bizim məhkəməyə müraciət etmək hüququmuzu kimsə almayıb".

Ekspert deyib ki, "Microsoft" şirkəti bəzi dövlət qurumlarını pulsuz proqram təminatı ilə təmin edib: "Microsoft"un baş ofisində qəbul edilmiş qərara görə, Vergilər Nazirliyinin bütün kompüter avadanlıqları pulsuz proqram təminatı ilə təchiz olunub. Təhsil Nazirliyi və bir sıra universitetlərə isə bu, simvolik qiymətə, təxminən 1 000 dollarlıq proqram 5 dollara təqdim edilib".