Şərq Tərəfdaşlığı Mərkəzi ilə İİTKM arasında memorandum imzalanıb


İqtisadiyyat 27 Okt 2017 13:04:11 254 0

Şərq Tərəfdaşlığı Mərkəzi ilə İİTKM arasında memorandum imzalanıb

Avropa İttifaqının strukturları Azərbaycan Rəqəmsal Ticarət Qovşağının inkişafına xüsusi maraq göstərir

Tallin şəhərində (Estoniya) Şərq Tərəfdaşlığı Mərkəzi ilə Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

“Report”un Mərkəzə istinadən verdiyi xəbərə görə, memorandumun əsas məqsədi Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanından irəli gələn məsələləri təmin edilməsinə töhfə verməkdən ibarətdir. Xüsusilə Estoniyanın Avropa İttifaqında prezidentliyi dövründə belə bir müqavilənin imzalanması bu təşkilatla Azərbaycan arasında rəqəmsal iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı anlaşma memorandumunun imzalanması ilə bağlı bildirib ki, Estoniyanın Şərq Tərəfdaşlığı Mərkəzi ilə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının inkişafı üzrə birgə fəaliyyət planının işlənməsi haqqında razılığa gəlinib. O əlavə edib ki, bu fəaliyyət planı çərçivəsində Avropa İttifaqı, Avrasiya İttifaqı, Körfəz ölkələri, Çin, GUAM formatı çərçivəsində Rəqəmsal Ticarət Qovşağının inkişafı ilə bağlı görüləcək işlər nəzərdə tutulub. V.Qasımlı vurğulayıb ki, hazırda Avropa İttifaqının strukturları, xüsusən də qurumun hazırkı prezidenti olan Estoniya höküməti Rəqəmsal Ticarət Qovşağının inkişafına xüsusi maraq göstərir.

İmzalanma mərasimindən sonra Estoniyanın Şərq Tərəfdaşlığı Mərkəzinin rəhbəri Jaan Reynhold bildirib ki, Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinə rəqəmsal iqtisadiyyatın inkişafı nöqteyi-nəzərindən bir nümunə ola bilər. Xüsusən Azərbaycan Rəqəmsal Ticarət Qovşağının, "Azexport" portalının nümunəsini Şərq Tərəfdaşlığı ölkələri arasında yaymaq məqsədəuyğundur. J.Reynholdun qənaətinə görə, Azərbaycan Avrasiyanın mərkəzində əgər əvvəllər nəqliyyat, logistika, enerji layihələrinin qovşağına çevrilmişdisə, indi də rəqəmsal iqtisadiyyatın qovşağına çevrilmə imkanlarına malikdir.