"İstəyirəm bu sənəti atım..."


Şou-biznes 27 Okt 2017 13:00:00 274 0

"İstəyirəm bu sənəti atım..."

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan əməkdar artist Natiq Şirinov maraqlı açıqlamalar verib.

Son.az xəbər verir ki, qrupun rəhbəri Natiq Şirinov yenicə qayıtdıqları qastrol səfərləri ilə bağlı təəssüratlarını bölüşdü. "Biz festivalla bağlı Gürcüstandaydıq. Oradan da Polşaya dəvət aldıq. Elə qismət oldu ki, biz Polşaya getdik. 9 ölkə iştirak edirdi".

Əməkdar artist fonoqramla ayrılmaz dost olan bəzi müğənnilərin insanları aldatdığını söylədi. "Qrupun ifa etdiyi alətlərin səsini quranda istəyirəm bu sənəti atım. Sənəti sevməməyimə görə yox, yorulmuşam deyə yox, sırf səsə görə. Bu səsi düzəltmək işi ortaya gələndə elə bir dünya başıma fırlanır. Azərbaycanın 90 faizi musiqidə də, oxumaqda da oxuya bilməyib ifa edənlərdir. Hətta mən bir-iki şey vardı onu səsləndirdim. Mənim səsimi elə düzəltdilər ki, elə bil əməliyyat gedirdi. Dedim, bunu mən oxumuşam? Mən oxuyanam, gülməlidir. Dedilər oxu, gerisinə qarışma, düzələcək. Dedim, bu millət belə oxuyur? Dedi, belədir də".

O, şou-biznesdəki bəzi sənətçilərin qazandıqları hörmətin, onlara edilən təriflərin həmin ifaçıların haqqı olmadığını vurğuladı: "Haqqı olmayan təriflər, haqqı olmayan hörmətlər qazanılır. Çox sevirəm canlı ifanı. Əllərim ağrısın, ürəyim sızlasın, bədənim ağrısın. Niyə görə? Aldığım 5-10 manat çörəkpulu ki var, onu alıb ləzzətlə yeməyi sevirəm. Fonoqram olanda elə bil insanları aldadıram. O pulları özümə halal bilmirəm".

Əməkdar artist nağaranın fəlsəfəsindən, ritmdən xəbəri olmayanların məclis qurmalarını və ya sağda-solda danışmalarını qınaq atəşinə tutdu:

"10 nəfər yığıb düzgün ifa eləmək var. 10 nəfəri idarə etmək var. Mən bu işdə çox əziyyət çəkmişəm. Qrupu əlimdə saxlamağı bacarmışam, tələbələr yetişdirmişəm. Hərə bir evdən gəlir. Biri-iki ritm vurandan sonra elə bilir ki, artıq peşəkardır. Əgər canlı ifa olsa, Azərbaycanda heç bir qrup ritmləri dəqiq qurub onların bölgülərini təhvil verə bilməz. Bunu deyirəm, altından da imzamı atıram. Bu gün insanlar görüb eşitdiklərini anlasaydılar, onlar 99 faiz sənətçiyə nə əl çalardılar, nə də toylarına çağırardılar. Mənim də ritmim var, deyənləri çox eşidirəm. Gəlirlər ki, Natiq müəllim məndə də ritm var. Mən ona nə deyim. Arif insan bu sözü deməz".


Xəbərə aid fotolar