Bərdədə oğurluqla məşğul olan iki dost tutulub - FOTO


Sosial 26 Okt 2017 23:29:29 292 0

Bərdədə oğurluqla məşğul olan iki dost tutulub - FOTO

Oğurluqdan əldə edilən əşyalar satılaraq dostlar arasında bölünüb

Bərdə rayonunda evlərdən oğurluq edən dəstə zərərsizləşdirilib.

Bu barədə “Report”a Bərdə rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi Taleh Şamilov məlumat verib.

Onun sözlərinə görə, rayonun Kələntərli kənd sakini Mirzəyev Nicat İbrahim oğlu və Qazqurdalı kənd sakini Məmmədova Ruziyyə Pənah qızı polis şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxslərin onların yaşadıqları mənzillərdən oğurluq etdiklərini bildiriblər. Nəticədə zərərçəkmiş Nicat Mirzəyevə 1384 manat, Ruziyyə Məmmədovaya isə 500 manat ziyan dəyib.

Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, evlərdən oğurluq edən şəxslər Ağdam rayon sakini Nemət Məmmədov və Bərdə rayon sakini Anar Quliyevdir. Hər iki şəxs törətdiyi əməli etiraf edib. İstintaq zamanı oğurlanan əşyalar maddi sübut kimi götürülüb.

Təqsirləndirilən Nemət Məmmədov "Report"a açıqlamasında bildirib ki, hər iki oğurluq faktına əvvəlcədən palanlaşdırılmış şəkildə gediblər.

Onların oğurluğu mənzil sahibləri evdə olmadıqları zaman törətdikləri müəyyən edilib. Oğurluqdan əldə edilən əşyalar satılaraq dostlar arasında bölünüb.

Faktla bağlı rayon Polis şöbəsində hər iki şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 ,177.2.2 və 177.2.3 maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılır.