Nazirlik: "Bu il yekun attestasiyada iştirak edəcək rezidentlərin sayı maksimal həddədir"


Digərləri 26 Okt 2017 15:52:00 291 0

Nazirlik: "Bu il yekun attestasiyada iştirak edəcək rezidentlərin sayı maksimal həddədir"

Bu il ümumilikdə rezidenturaya aid 40 ixtisas üzrə təhsil almış 473 rezident yekun attestasiyadan keçməlidir.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rezidentlərin yekun attestasiyasından əvvəl komissiya üzvləri ilə görüş keçirilib.

Görüşdə bildirilib ki, Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il 330 №-li qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na uyğun olaraq, yekun attestasiyanın keçirilməsi üçün 122 nəfərdən ibarət komissiya yaradılıb.

Azərbaycan Tibb Universitetində (ATU) 2011-ci ildən etibarən tədrisdə rezidentura pilləsinə keçid təmin olunub. 2013-cü ildə təhsil müddəti 2 il olan ixtisaslar üzrə ilk dəfə olaraq yekun attestasiyası keçirilib.

Bu ilki yekun attestasiyanın I mərhələsi oktyabrın 25-də ATU-nun Virtual Test Mərkəzində keçirilib. Attestasiyanın II mərhələsi isə oktyabrın 27-i və 30-da cərrahi, terapevtik, stomatoloji, onkoloji klinikalarda və tədris binalarında keçiriləcək.

Cari il ərzində Bakı şəhərində olan 41 bazadan ümumilikdə, 425 nəfər yekun attestasiyaya buraxılıb. Onlardan 141 nəfəri ATU-nun məzunlarıdır. Bundan başqa, keçən il attestasiyaya buraxılmayan 28 nəfər və attestasiyanın I mərhələsindən keçə bilməyən 13 nəfər, habelə attestasiyaya gəlməyən 7 nəfər də (cəmi 48 nəfər) bu il yekun attestasiyada iştirak etməlidirlər.