Bakıda "İraq Hava Yolları" şirkətinin ofisində qətl törədən şəxslə bağlı sənədlər Baş Prokurorluğa göndəriləcək


Sosial 26 Okt 2017 12:33:43 249 0

Bakıda "İraq Hava Yolları" şirkətinin ofisində qətl törədən şəxslə bağlı sənədlər Baş Prokurorluğa göndəriləcək

Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişin vəkili məhkəməyə sənəd təqdim edib.

O bildidib ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmişin hüquqi varisini təhqir edib: "Buna görə də müvəkkilimin səhhətində problem yarandı və xəstəxanaya aparıldı".

Hakim bildirib ki, bununla bağlı sənədlər Baş Prokurorluğa göndəriləcək.

Məhkəmənin növbəti iclası noyabrın 2-nə təyin edilib.

İttiham aktına əsasən, hadisə bu il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib. O, qətli "COBALT" markalı tüfənglə törədib.

Belə ki, hadisədən əvvəl E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gediblər. Avtomobildə Ə.Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb ofisə gəlib. Ofisdə Ə.Ağalını qətlə yetirib.