“Ata uşağa öyrədir ki, anası pis yoldadır...” FOTO


Digərləri 26 Okt 2017 11:04:00 355 0

“Ata uşağa öyrədir ki, anası pis yoldadır...”  FOTO

Son.az qafqazinfo-ya istinadən Vəkillər Kollegiyasının üzvü Xəyal Bəşirovun müsahibəsini təqdim edir:

- Azərbaycanda vəkillərin fəaliyyətini necə qiymətləndirirsiz? Hansı problemlərlə rastlaşmısınız? 

- Azərbaycanda vəkillərin fəaliyyəti üçün istənilən şərait yoxdur. Bunun hardasa obyektiv səbəbləri var.  1990-ci illərin ortalarından ölkədə hüquqi islahatlar başlayıb. Dövlət hesabına hüquqi xidmət göstərən vəkillər saat hesabı 2 manat pul alırlar. Bilirsiniz ki, cinayət işlərində hakim, prokuror, bir də vəkil iştirak edir.  Dövlət ittihamçısı ilə  müdafiəçinin aylıq məvacibini hesablasaq, ortaya gülünc bir rəqəm çıxacaq. Vəkil 200 saat işləyib nəticədə 400 manat pul almalıdır. Dövlət hesabına çıxdığımız işlərin pulu rayon icra  hakimiyyətləri tərəfindən bizə ödənilir. Çox vaxt o dediyimiz 2 manatı da vaxtında ödəmirlər. Aylarla gecikir. Bundan əlavə, nümayəndəlik institutu ilə bağlı insanlar vəkilə inanmırlar. 

- İnamsızlıq məsələsi təkcə nümayəndələrlə bağlıdırmı? Çünki bəzən müvəkkillər deyirlər ki, vəkili qarşı tərəfə işləyib...

- Mən bu fikirlə tam razı deyiləm. Biz digər tərəflə məhkəmədə qarşı-qarşıyayıq. Məhkəmədə  tərəflərdən biri udsa da, digəri uduzmalıdır. Bu o deməkdir ki, hansı tərəf uduzubsa mütləq o başqasına satılıb? Elə neqativ hallar var. Heç bir cəmiyyət belə hallardan sığortalanmayıb.  Belə vəkillərimiz, hüquq-mühafizə orqanları işçilərimiz də var. Ədalətsiz hərəkət  edirlər. Bunun da səbəbi hazırki vəziyyətdə olan nümayəndəlik institutudur. Çünki onların heç bir məsuliyyəti yoxdur. 

- Belə başa düşdüm ki, siz bir çoxlarından fərqli olaraq nümayəndəlik institutunun ləğv edilməsinin tərədarısınız...

- Bəli.  Mənim insanlar qarşısında peşə məsuliyyətim var. Vətəndaşla bağladığım müqavilə rəsmiyyətə alınır. Aldığımız qonorar orada qeyd olunur. Əgər mənim səhvim üzündən müvəkkilimin hüquqları pozularsa , sığorta hesabımdan həmin şəxsə dəymiş zərər ödənilir. Yəni maddi məsuliyyət var. Yaxud mənim hansısa səhvim olarsa, vətəndaş kollegiyaya hərəkətlərimdən şikayət edə bilir. İntizam Komissiyası pozuntu aşkar edərsə vəkil cəzalandırılır. 

Amma nümayəndə heç bir məsuliyyət daşımır. Bizdə əksər hallarda nümayəndələr özlərini vəkil kimi qələmə verirlər.  Vətəndaş da  elə bilir ki,  həmin şəxs vəkildir. Çünki onların vəkildən də yaxşı ofisləri var. 

- Nümayəndələr vəkillərə başqa nə kimi çətinliklər yaradır? 

- Belə nümayəndəlik institutunun mövcud olacağı müddət ərzində vəkillik inkişaf etməyəcək. Konstitusiyasın  61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var. Yəni, cinayət, mülki, inzibati və. s iş olmasından asılı olmayaraq hər kəs lazımi qaydada hüquqi yardım almaq hüququna malikdir. Ümumiyyətlə ali təhsili olmayan, hüquqdan tam xəbərsiz olan bir şəxsin nümayəndəlik edərək ayrı-ayrı şəxsləri təmsil etməsi, onlara hüquqi xidmət göstərməsi nə dərəcədə düzgündür? Bu insanların konstitusion hüquqlarının birbaşa pozulması demək deyilmi? Daha sonra bir sıra məhkəmələrin hakimləri, digər işçiləri və hüquq-mühafizə orqanlarının istintaq və təhqiqat aparan səlahiyyətli şəxsləri müəyyən maraqları naminə insanları ayrı-ayrı nümayəndələrə yönəldirlər. Bu da gələcəkdə həmin işlə bağlı qeyri-şəffaf nəticələrə gətirib çıxarır.

- Parlamentdə bilirsiniz ki, nümayəndəlik institutunun ləğvi ilə bağlı qanun layihəsinin müzakirəsi təxirə salındı. Hazırda nümayəndə kimi işlərə çıxan vəkillər də bunu etirazlarının nəticəsi kimi qiymətləndirdilər. Təxirə salınma səbəblərindən  biri də odur ki, vəkillərin sayı azdır. Say azlığı olduğu halda, ləğvin lehinə çıxış etmək nə dərəcədə düzgündür? 

- Kəmiyyət heç vaxt keyfiyyəti əvəz edə bilməz. Ümumilikdə ölkədə 1000-ə yaxın vəkil var. Bunun da böyük əksəriyyəti Bakı şəhərindədir.  Artıq vəkillərə müraciət etmə hallarının da sayı artıb. Bizə regionlardan da  artıq insanlar müraciət edirlər. 

Vəkillərin sayının az olması problemi neçə illərdir ki,  ölkədə davam edir. Nümayəndəlik institutunun olduğu müddətdə bu problem aradan qalxıbmı? Nümayəndələrin çoxu sosial şəbəkədə bu dəyişikliyə qarşı çıxış etdilər. Bir çoxları dedilər ki, böyük bir kütlə işsiz qalacaq. Bu ədalət mühakiməsində hüquqi  yardımla bağlı axsaqlıq yaradacaq. Hər hansı nümayəndənin işləməsi onlarla, yüzlərlə insanın hüququnun pozulmasına gətirib  çıxaracaq.  Elə nümayəndə var ki, dəfələrlə həbs olunub. Bu adam başqalarının hüquqlarını necə qoruya bilər? Nümayəndə tanıyıram ki, dələduzluğa  görə dəfələrlə həbs olunub. Bu o  demək deyil ki, vəkillərin də hamısı idealdır. Onların içərisində də insanları aldadanlar var. Azərbaycanda hüquqi xidmət sahəsində "qara  bazarı" nümayəndəlik institutu idarə edir. 

Məndə olan məlumata görə, qanunda müəyyən çatışmazlıqlar var. Qohumların nümayəndə olması məsələsinə müəyyən düzəlişlər edilməlidir. Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasında yenidən məsələ müzakirəyə çıxarılacaq. 

- Azərbaycanda bir neçə tanınmış vəkil var ki, onlar Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılıb. Onlar bu qərarı haqsız hesab edərək Avropa Məhkəməsinə də müraciət ediblər. Daha çox siyasi baxışlarına görə kollegiyadan azad olunduqlarını bildiriblər.  Sabah siz də hər hansı oxşar situasiya ilə qarşılaşıb Kollegiyadan çıxarılıb işsiz qalsanız, vəziyyətiniz necə olacaq? 

- Bizdə hələ ki, Vəkillər Kollegiyasına  alternativ yoxdur. Məsələn, hər hansı hüquq-mühafizə orqanının əməkdaşı öz işində nöqsanlara yol verir və işdən azad olunur. Ümumiyyətlə orqandan xaric olunur. İndi bu o deməkdir ki, həmin şəxs orqandan azad edilirsə, cəmiyyətdə böyük  bir dəyişikliklər aparılmalıdır? Vəkillər Kollegiyası qeyri-dövlət orqanıdır.  Kiminsə  vəkillikdən çıxarılması məhkəmə qərarı əsasında olur. Məhkəmədə tərəf kimi Vəkillər Kollegiyası və həmin şəxslər iştirak edir. Məhkəmə əsaslar varsa həmin şəxsi vəkillikdən uzaqlaşdırır. Onlar  hansısa səbəblərə görə işdən çıxarılırsa, bu onların peşəkar olmaması demək deyil.

- Söhbət hansı nöqsanlardan gedir?  Avropa Məhkəməsi bir çox hallarda   qərarların əleyhinə qərar  çıxarır və həmin şəxslər yenidən kollegiyaya üzv kimi qəbul ola bilirlər...

- Məsələn, nöqsanlardan biri də dələduzluq edilməsi faktıdır. Məhkəməyə qarşı səhvə  yol verilə bilər. Yaxud müdafiə edilən müvəkkilin hüquqları pozula bilər. 

- Məvaciblərinizdən narazı olduğunu vurğuladınız. Bu peşə bizdə elə də böyük statusa malik deyil...

- Bizdə  vəkillərin aldığı  məvaciblər digər ölkələrdəki məvaciblər kimi çox deyil. Elə  qonşu Türkiyə ilə müqayisə etsək görərik  ki, orada   vəkillər həddindən artıq böyük məbləğlər alırlar.

- Çünki Türkiyədə  vəkillik peşəsi ən prestijli peşələrdən biridir.  Onlar cəmiyyətdə xüsusi hörmətə malikdirlər...


Xəbərə aid fotolar