Şirvanda “Sağlam gənclik-sağlam gələcək” mövzusunda tədbir keçirilib


Sosial 25 Okt 2017 19:29:00 309 0

Şirvanda “Sağlam gənclik-sağlam gələcək” mövzusunda tədbir keçirilib

Tədbirdən öncə narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən mövzuda əl işlərindən ibarət sərgi nümayiş olunub

Şirvan şəhərində “Sağlam gənclik-sağlam gələcək” mövzusunda toplantı keçirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan Regional qurupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirlinin “Report”un Aran bürosuna verdiyi məlumata görə, tədbir Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində təşkil olunub.

Tədbirdən öncə kollecin tələbələrinə narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən mövzuda əl işlərindən ibarət sərgi nümayiş olunub.

Tədbirdə çıxış edən Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva narkomaniya əleyhinə görülən işlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyini bildirib.

Daha sonra Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Yalçın Alısoy çıxış edərək narkomaniyaya qarşı görülən işlərdən, bu bəladan qorunma yolları, narkomaniyanın insan sağlamlığına vurduğu zərərlər barədə ətraflı məlumat verib.

Şirvan Şəhər İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Rafael Nəsirov çıxışında zərərli vasitələrə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən danışıb.