"Şərq tərəfdaşlığı": Brüsselin yeni cəhdləri və mövcud ziddiyyətlər


Dünya 25 Okt 2017 19:24:00 387 0

"Şərq tərəfdaşlığı": Brüsselin yeni cəhdləri və mövcud ziddiyyətlər

Noyabrın 24-də Brüsseldə "Şərq tərəfdaşlığı" proqramının növbəti sammiti keçirilməlidir. Bu tədbirin mümkün nəticələri ilə bağlı müxtəlif analizlər aparılır. Mütəxəssislərin proqnozlarında həmin proqramın şansının elə də yüksək olmadığı vurğulanır.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, onun əsas səbəbi kimi isə proqram üzrə tərəfdaş ölkələrin artıq fərqli geosiyasi istiqamət seçməsi göstərilir. Məsələn, Ukrayna, Moldova və Gürcüstan ifrat Avropa meylliliyini nümayiş etdirirlər. Azərbaycan müstəqil xarici siyasət kursunu reallaşdırır. Bakı Avropa İttifaqı ilə əlaqələrini özünün irəli sürdüyü şərtlər daxilində bərabərhüquqlu tərəfdaşlıq əsasında qurmağa qərar verib. Assosiativ üzvlüyün tərəfdaş ölkələrin milli maraqlarına cavab vermədiyini rəsmi Bakı dəfələrlə bəyan edib. Ermənistan və Belarus isə Rusiyanın təklif etdiyi inteqrasiya xəttini seçiblər. Mövqelərin bu cür dağınıqlığı şəraitində Brüssel sammiti nələri vəd edə bilər? Bu sualın cavabı maraqlı olardı.

Aİ-nin tərəfdaşlıq fəlsəfəsi: yeniliklər gözlənilirmi?

Avropada bir sıra dairələr "Şərq tərəfdaşlığı" proqramını canlandırmağa çalışırlar. Son illər bu ifadəni mütəxəssislər elə də geniş işlətmirlər. Lakin Avropa İttifaqı həmin təşəbbüsü keçmiş SSRİ-nin altı respublikası ilə inteqrasiya proseslərini dərinləşdirmək məqsədi ilə göstərdiyindən, o, aktuallığını saxlayır. Həmin respublikalar Azərbaycan, Ukrayna, Ermənistan, Moldova, Gürcüstan və Belarusdur (bax: Poland takes on Russia with "Eastern Partnership" proposal / "The Telegraph", 25 may 2008).

Bu ideyanı Aİ-nin 2004-cü ilin mayında növbəti genişlənməsindən sonra həyata keçirməyə başladılar. Onu Polşanın o dönəmdəki xarici işlər naziri Radoslav Sikorski irəli sürmüşdü. İdeyanın Aİ-nin rəhbərliyinə təqdimatında isə İsveç də iştirak etmişdi. Proqramı Aİ 2008-ci il 19-20 iyunda müzakirə edib. "Şərq tərəfdaşlığı"nın əsas tezisləri demokratik quruluşun tərəfdaş ölkədə bərqərar olması, sabitliyin təmin edilməsi, iqtisadi inteqrasiya (bura həm də azad ticarət zonaları daxildir), energetik təhlükəsizlik, viza rejiminin liberallaşdırılması, qanunsuz miqrasiya ilə mübarizə kimi mühüm bəndlərdən ibarətdir. Aİ-nin maraqları aspektində isə ən əhəmiyyətli məqam perspektivdə təşkilatla tərəfdaş ölkələr arasında assosiativ üzvlük haqqında sazişin imzalanmasıdır.

2009-cu il mayın 7-də Praqada Aİ "Şərq tərəfdaşlığı" ilə bağlı bəyannamə qəbul edib. Şərt kimi proqram iştirakçısı olan ölkələrin Aİ-nin qoyduğu tələblərə əməl etməsi göstərilirdi (bax: Joint Declaration of the Prague Eastern Partnership Summit Prague, 7 May 2009, "consilium.europa.eu"). 2010-сu ilin mayında Polşa "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində "dostlar qrupu" yaratmağı təklif etdi. Buraya Rusiya da daxil idi. 2012-ci ilin iyulunda isə "Şərq tərəfdaşlığı" sammiti Brüsseldə təşkil edildi. Orada Belarusun tələblərə əməl etməməsi məsələsinə baxıldı. Minsk siyasi məhbus məsələsinə görə ittiham olunurdu.

2013-cü ilin 28-29 noyabrında Vilnüsdə proqramın növbəti sammiti keçirildi. Orada Gürcüstan və Moldova assosiativ üzvlüklə bağlı sazişi imzaladılar, Ukrayna və Ermənistan isə bundan imtina etdi. Azərbaycanın özəl mövqeyi oldu. Rəsmi Bakı, ümumiyyətlə, assosiativ üzvlüyə fərqli yanaşma nümayiş etdirdi. Təcrübə göstərdi ki, Azərbaycan tərəfi tam haqlıdır.

Ekspertlər bu proqrama Rusiyanın şübhə ilə yanaşdığını vurğulayırlar. Moskva "Şərq tərəfdaşlığı"nı postsovet məkanını parçalamaq planlarından biri kimi qəbul edir. Bütün hallarda 2013-cü ildən bu yana həmin proqram barədə çox az danışılırdı və o, daha çox tənqid olunur. Burada Azərbaycanın fəaliyyəti ciddi rol oynadı. Rəsmi Bakı sübut etdi ki, "Şərq tərəfdaşlığı" proqramı üzrə assosiativ üzvlük müstəqil dövlətlərin suverenliyinə müəyyən ziyan vura bilər. Bunun əvəzində Azərbaycan tərəfi strateji mahiyyətli bərabərhüquqlu əməkdaşlığı nəzərdə tutan proqram təklif etdi. Brüssel bəzi araşdırmalardan sonra Bakının düzgün addım atdığını qəbul edərək, həmin proqram üzərində işləməyə başladı.

Fərqli geosiyasi seçimlər: "Şərq tərəfdaşlığı"nın problemləri

Assosiativ üzvlüyə gəldikdə isə, 2017-ci il başa çatır, Ermənistan hələ də sazişi imzalamayıb. Əksinə, rəsmi İrəvan Moskvaya tərəf reverans edib. Assosiativ üzvlərin özləri də müqavilədən hələlik tutarlı bir fayda görməyiblər. Əvəzində, geosiyasi-hərbi aspektdə problemlər çoxalıb. Bu səbəblərə görə, Polşa tərəfinin "Şərq tərəfdaşlığı"nı yenidən gündəmə gətirməsi düşündürücüdür. Rəsmi Varşava nəyə ümid edir?