Azərbaycanda süd məhsulları ilə bağlı təlim-seminar keçiriləcək


İqtisadiyyat 25 Okt 2017 17:50:24 239 0

Azərbaycanda süd məhsulları ilə bağlı təlim-seminar keçiriləcək

Tədbiri Kənd Təsərrüfatı Nazirliyi təşkil edir

Oktyabrın 27-də Kənd Təsərrüfatı Nazirliyi südçülük sektorunun araşdırılması ilə bağlı təlim-seminar keçirəcək.

“Report” Nazirliyə istinadən xəbər verir ki, təlim-seminar Dünya Bankı ilə birlikdə icra edilən “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi” çərçivəsində təşkil olunur.

Tədbirdə ölkənin kiçik, orta və iri süd və süd məhsulları istehsalçıları və emalçıları, KTN-nin tabeliyində olan institutların, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müvafiq sahə ilə məşğul olan əməkdaşları, həmçinin Avstraliya və İngiltərədən dəvət olunmuş 6 beynəlxalq ekspert iştirak edəcək.

Təlim-seminarda Azərbaycanda süd məhsulları dəyər zəncirinin inkişaf etdirilməsi ilə bağlı mövcud vəziyyət qiymətləndiriləcək və müzakirə ediləcək. Tədbirdə bu sahədə ölkədə və beynəlxalq aləmdə təcrübə barədə müqayisəli məlumat veriləcək, süd və süd məhsulları istehsalçılarının problemlərinə nəzər salınacaq, dəyər zəncirinin sağlam formalaşması üçün lazım olan məqamlar barədə fikir mübadiləsi aparılacaq.