Gürcüstanda “Molla Pənah Vaqifin şeirləri” kitabı gürcü və Azərbaycan dillərində çap olunub


Digərləri 25 Okt 2017 16:38:26 176 0

Gürcüstanda “Molla Pənah Vaqifin şeirləri” kitabı gürcü və Azərbaycan dillərində çap olunub

Kitabın Tbilisidə və Bakıda təqdimatlarının keçirilməsi planlaşdırılır

Gürcüstanda XVIII əsr Azərbaycan şairi, dövrünün tanınmış ictimai –siyasi xadimi Molla Pənah Vaqifin şeirlər kitabı gürcü və Azərbaycan dillərində çapdan çıxıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliye­vin "Molla Pənah Vaqifin anadan olmasının 300 ilik yubileyinin keçi­rilməsi haqqında" 2017-ci il 12 yanvar tarixli sərəncamına əsasən çap olunub.

Kitabda Vaqifin gürcü dilində nəşr olunan kitablarındakı şeirləri, eləcə də jurnal və qəzetlərdə dərc olunan orijinal şeirləri yer alıb.

Kitabın nəşrinin ideya və layihə rəhbəri, kitabın tərcüməcisi və tərtibçisi, Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu deyib ki, kitabda M.P.Vaqifin gürcü dilində nəşr olunan kitablarında, eləcə də jurnal və qəzetlərdə dərc olunan şeirlərinə paralel olaraq onların orijinalı da yer alıb: "Bundan başqa, kitabda, gürcü dilində bu böyük şair barədə çap olunmuş məqalələr gürcü və Azərbaycan dillərində oxuculara təqdim olunub. Hesab edirəm ki, bu kitab M. P.Vaqifin 300 illik yubileyinə qiymətli töhfə olacaq”.

M.Məmmədoğlu bildirib ki, kitab gürcü və azərbaycanlı oxucuları bir-birilərinə daha da yaxınlaşdıracaq, dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayacaq: "Bu kitab Azərbaycan dilini öyrənmək istəyən gürcülər, gürcü dilini öyrənmək istəyən azərbaycanlılar üçün, ümumiyyətlə, poeziyasevərlər üçün bir ərməğan olacaq, gürcü-Azərbaycan ədəbi əlaqələrinə də öz yeni xidmətini əlavə edəcək".

Kitabın tezliklə, Tbilisidə, eləcə də Bakıda təqdimatlarının keçirilməsi planlaşdırılır.