Elçin Babayev: "Geomaqnit qasırğalarının insanlara təsir kateqoriyasını ayırmaq lazımdır"


Sosial 25 Okt 2017 16:20:05 304 0

Elçin Babayev: "Geomaqnit qasırğalarının insanlara təsir kateqoriyasını ayırmaq lazımdır"

"G1 kateqoriyasından başlayaraq geomaqnit qasırğası heyvanlar aləminə də təsir edə bilir"

“Geomaqnit qasırğasının təsirlərindən danışarkən bir qədər ehtiyatlı olmaq lazımdır”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

O bildirib ki, yerli mətbuat bir çox hallarda şimal dairəsi üçün verilən proqnozlardan istifadə edir: “Bu da insanlarda müəyyən çaşqınlıq yarada bilir. Bu cür təsirlər adətən bizim N dairələri üçün zəifləmiş halda gəlib çatır və özünü iki halda – texnoloji və biolji amildə büruzə verə bilir. Geomaqnit qasırğasının baş verməsi ilə bağlı proqnozlar üç gündən əvvəl verilə bilər. Çünki Günəşlə Yer arasındakı məsafə təxminən 150 milyon km-ə bərabərdir. Plazma kütlələri və həyəcanlaşmanın yerə gəlib çatması üçün vaxt tələb olunur. Normal halda bu üç günə, ən yüksək sürətdə isə 17-19 saata yerə gəlib çata bilər. Bu vaxtın kifayət qədər böyük olması imkan verir ki, texnoloji və bioloji sistemlər üçün hansısa qabaqlayıcı tədbirlər görülsün”.

E.Babayev qeyd edib ki, G1 kateqoriyasından başlayaraq geomaqnit qasırğası heyvanlar aləminə də təsir edə bilir: “Bir çox canlıların bədənlərinin müxtəlif yerlərində nanomaqnitit hissəcikləri tapılıb. Müəyyən heyvanlar, quşlar belə hallara daha çox məruz qalır”.

Rəsədxana rəsmisi əlavə edib ki, bu qasırğaların insanlara təsir kateqoriyasını ayırmaq lazımdır: “Hətta tədqiqatlar göstərir ki, nisbətən sağlam insanlara təsirlər özünü tamam başqa cür göstərir və onlarda əksinə olaraq gümrahlıq effekti yaradır. Xroniki, xüsusilə də ürək qan-damar sisteminin xəstəliklərinə məruz qalan insanlarda bu özünü artmış diskomfort halında büruzə verir. Müəyyən hallarda yaşlı və azyaşlılarda diskomfort hallarına da rast gəlmək mümkündür. Bunların hamısı heç də təşvişə səbəb olmamalıdır. Çünki insan kosmik havanın bu cür şıltaqlığına adaptasiya olunub. Sadəcə bu proseslərdən yan keçmək üçün aktiv şəkildə istirahət tələb olunur. Sırf yataq rejimi belə bu narahatlığın xilas yolu deyil. Sadəcə “baş qatmaq” lazımdır. Risk qrupuna daxil olan insanlar mütləq öz həkimləri ilə məsləhətləşib qabaqlayıcı tədbirlər görməlidir. Ən əsası həmin ərəfədə psixoloji və fiziki yüklənməni azaltmaq məsləhətlidir”.