“Seysmik risk xəritəsinin hazırlanması ciddi maliyyə vəsaiti tələb edir"


Digərləri 25 Okt 2017 15:30:00 357 0

“Seysmik risk xəritəsinin hazırlanması ciddi maliyyə vəsaiti tələb edir"

Qafqaz regionu hər zaman güclü zəlzələlərin baş verdiyi ərazi olub. Bu gün də Qafqazda seysmik aktivlik davam edir.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli keçirdiyi mətbuat konfransında deyib.   Onun sözlərinə görə, Xəzərdən başlayıb, Orta Asiyadan keçərək Himalay dağlarına qədər olan ərazidə tarixən müxtəlif gücdə zəlzələlər baş verib. Azərbaycan da bu regionda yerləşdiyi üçün zəlzələlər baxımından hər zaman aktiv zona kimi xarakterizə edilir.   Q.Yetirmişli qeyd edib ki, yeraltı təkanlar hər gün baş verir, müxtəlif maqnitudalarda zəlzələlər qeydə alınır və bu gələcəkdə də davam edəcək: "Bunları nəzərə alaraq Azərbaycanda, Bakıda aparılması nəzərdə tutulan bütün tikinti işlərində seysmik aktivlik əvvəlcədən müəyyənləşdirilir. Paytaxtda bütün binalar tikilmədən öncə müraciət olunduğu halda ərazinin geoloji mürəkkəb quruluşu, süxurları morfoloji cəhətdən öyrənilir, seysmik kəşfiyyat işləri aparılır və nəticədə onun neçə ballıq zəlzələyə davamlı olması bildirilir. Bu gün Respublika Seysmoloji Xidmət Mərkəzi ən müasir avadanlıqlarla təmin edilib. Əvvəllər seysmik aktivliyi müəyyən etmək üçün analoq stansiyalar qurulurdu, onlar vasitəsilə verilən məlumatlarda xətalar ola bilirdi. Amma bugünkü avadanlıqlar müasir və yüksək texnologiyalara cavab verdiyindən onların vasitəsilə seysmik aktivliyi dəqiq müəyyənləşdirmək olur".   Mərkəzin baş direktoru "Respublikanın seysmik risk xəritəsi"nin hazırlanması ilə bağlı sualı da cavablandırıb. O qeyd edib ki, bu xəritənin hazırlanması üçün uzun illərdir müxtəlif fikirlər səsləndirilir: "Bu xəritənin hazırlanması asan iş deyil və ən azından 4-5 il zaman tələb edir. Bundan əlavə, xəritəni hazırlamaq üçün respublika üzrə mühüm tədqiqat işləri aparılmalıdır. Bunlar isə ciddi maliyyə vəsaiti tələb edir. Bu maliyyə ayrıldığı və işlərin icrası bizə tapşırıldığı halda respublikanın seysmik risk xəritəsinin hazırlanması mümkün ola bilər".