"Lotu Quli"nin yaxın adamının məhkəməsində polis əməkdaşı dindirilib


Sosial 25 Okt 2017 13:13:10 287 0

"Lotu Quli"nin yaxın adamının məhkəməsində polis əməkdaşı dindirilib

"Bu adam mənə dedi ki, "sən "Lotu Quli"nin qohumusan, ona görə də getməlisən"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində polis əməkdaşı Vüqar Əbilov ifadə verib.

O bildirib ki, məlumat əsasında M.Namazov saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb: "Onun maşınına baxış aparılarkən narkotik vasitə çıxdı".

M.Namazov şahidin yalan danışdığını deyib: "Bu adam mənə dedi ki, "sən "Lotu Quli"nin qohumusan, ona görə də getməlisən"".

Növbəti proses noyabrın 1-nə təyin edilib.

İttiham aktına əsasən, M.Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Daha sonra M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb. O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir. 

Xatırladaq ki, “Lotu Quli” ötən gün 8 saylı cəzaçəkmə müəssəsindən azadlığa buraxılıb.