Həkimlər Gürcüstanda güllə yarası almış Ceyhun Çovdarovu süni nəfəs aparatından ayırıblar


Dünya 24 Okt 2017 23:43:13 270 0

Həkimlər Gürcüstanda güllə yarası almış Ceyhun Çovdarovu süni nəfəs aparatından ayırıblar

Onun həyatı üçün təhlükənin olmadığı bildirilib

Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində odlu silahdan açılmış atəş nəticəsində yaralanmış Ceyhun Çovdarov bu gün süni nəfəs aparatından ayrılıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.

Bu barədə "Report"un Gürcüstan bürosuna yaralının yaxın dostu Ayaz Məmmədov məlumat verib.

A.Məmmədov deyib ki, C. Çovdarov həmin hadisədən sonra oktyabrın 24-də ilk dəfə olaraq gözlərini açıb. Həkimlər onu bir daha müayinə ediblər və həyatı üçün təhlükənin olmadığı məlum olub. Bu səbəbdən də həkimlər Ceyhun Çovdarovu süni nəfəs aparatından ayırıblar.

Onun sözlərinə görə, həkimlər digər yaralı Vüqar Bayramovu da süni nəfəs aparatından ayırıblar və oktyabrın 25-də o, palataya köçürüləcək.

Oktyabrın 19-da güllə yarası almış Azər Çobanov, Anar Məmişov və Elmar Hüseynov isə evə buraxılıblar.

"Həkimlər bir neçə gündən sonra Azad Çobanov və Elmar Hüseynovu əməliyyat edəcək və onların bədənindəki mərmiləri çıxaracaqlar", - deyə Ayaz Məmmədov vurğulayıb.

Qeyd edək ki, oktyabrın 19-da naməlum şəxslər Marneuli rayonunun Qızılhacılı kəndində Ceyhun Çovdarovu və daha bir neçə adamı odlu silahdan atəş açmaqla yaralayıblar.

C.Çovdarov “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasından yerli özünü idarəetmə orqanına seçkilərdə bələdiyyə deputatlığına namizəd olaraq irəli sürülüb. O, yüksək səs çoxluğu ilə bələdiyyə deputatı seçilib.