Ən təhlükəli mənəvi xəstəlikdən nicat yolu


Digərləri 24 Okt 2017 22:50:00 322 0

Ən təhlükəli mənəvi xəstəlikdən nicat yolu

Bismilləhir-Rahmənir-Rahim!

Bəşəriyyətə, insanlara Allah tərəfindən verilmiş ən böyük nemətlərdəndir ki, öz halı, durumu haqqında düşünə bilsin. Birmənalıdır ki, əgər bizlər öz halımız, durumumuz haqqında düşünməsək, qəflət etsək, müxtəlif əxlaqi xəstəliklərə, mərəzlərə yoluxmamız labüd olar.   Gizli əxlaqi xəstəliklər - ən qorxululardır Əxlaqi xəstəliklərin də içərisində elələri var ki, gizlidirlər. İnsan həmin xəstəliklərə yoluxur, amma onların fərqində olmur. Fiziki xəstəliklərin də içərisində bu cür xəstəliklər var. Misal üçün, bir insanın şəkərli diabeti olanda, əgər yoxlatdırmasa, ola bilər ki, heç fərqində də olmaz ki, onun şəkəri var. Bu xəstəliyin cürbəcür əlamətləri olacaq, amma yoxlanmayana qədər fərqində olmayacaq ki, bütün bu əlamətlər onda gizli şəkildə olan şəkər xəstəliyindən qaynaqlanırmış. Bu insan şəkər xəstəliyinin yaratdığı fəsadları müalicə edəcək, amma problem həll olmayacaq. Bir gün gözə, bir gün ürəyə, təzyiqə, ayağa, bədənin müxtəlif əzalarına vura bilər. İnsan da şəkər xəstəsi olduğunu bilmədiyi üçün bir gün elə biləcək gözünün problemidi, bir gün elə biləcək ayağının problemidi və s. Onları müalicə etməklə məşğul olacaq, amma məsələ həll olmayacaq.   O cümlədən də əxlaqi xəstəliklərin içərisində ən dəhşətliləri, ən ağrılı olanları o xəstəliklərdir ki, onlar gizli şəkildədirlər, insan onlardan xəbərdar deyil. Həmin xəstəlik insanda o formada ola bilər ki, hətta yanında o xəstəlik barədə danışa bilərlər, o da təsdiqləyər ki, həqiqətən də ən pis xəstəlikdi, amma özünün də ona yoluxduğunun fərqində olmaz.   Əxlaqi xəstəliklərin içərisində ən ağır xəstəliklər onlardır ki, gizli şəkildədir. O gizli xəstəliklər içərisində insanın tutulma ehtimalı yetərincə yüksək olan xəstəlik - kibr, təkəbbür, insanın özünü böyük bilməsidir. İnsanın bütün müsibətləri, bütün faciələri, bütün müşkülləri çox zaman ondan qaynaqlanır. Biz sadəcə bunun nəticələrini müşahidə edirik.   İslamın mahiyyəti bu 2 cümlədə xülasələnib Əgər İslamın, inancımızın insan həyatına təsir edə biləcək amillərini, bütün mahiyyətini iki cümlədə bəyan etmək istəsək, ümumiyyətlə bir kəs İslamın mahiyyətini bilmək istəsə, iki cümlədə xülasə etmək olar: birincisi - "Mən qovulmuş şeytandan Allaha pənah aparıram", ikincisi - "Bütün işlərimi Rəhman və Rəhim olan Allahın adı ilə başlayıram".   Bu iki cümlədə İslamın bütün mahiyyəti cəmlənib. Bizim iki işimiz olmalıdır. Bir, biz şeytanın (lən) malik olduğu bütün mənfi xislətlərdən təmizlənməli, uzaqlaşmalıyıq. İlk işimiz bu olmalıdır ki, iblisin (lən) bütün tələ və hiylələrindən Allaha pənah aparmalıyıq. İkincisi - Allahın bəyəndiyi bütün xüsusiyyət və keyfiyyətləri özümüzdə yaşatmalıyıq.   Bizim bundan mühüm işimiz yoxdur. Həm bütün şeytani xüsusiyyətlərdən paklanmalıyıq, həm də Allahın bəyəndiyi İlahi, nurani xüsusiyyətlərə sahiblənməliyik.   Əgər desək ki, ən şeytani, iblisvari xüsusiyyət hansıdır, deyə bilərik ki, bu, təkəbbürdür. Biz görürük ki, insanın əxlaqi xüsusiyyətləri içərisində ən pis sayılan əməl - təkəbbürdür. Peyğəmbərimizin (s) bəyanında görürük ki, Allah qatında ən mənfur, ən nifrətə səbəb olan əməl - təkəbbürdür.   Təkəbbür - insanın qeyri-təbii yüksəlişə can atmasıdır Təkəbbür - insanın böyümək istəyinə qeyri-dürüst reaksiyasıdır. İnsanın içərisində fitrətən inkişafa can atma, böyümək istəyi var. Bu təbii, fitri istəyin qeyri-düzgün, yanlış həyata keçirməyə cəhd göstərilməsinə təkəbbür deyilir.   Bunu daha aydın başa düşmək üçün bir ibrətli hekayəyə toxunaq. Gümüşü qovaq ağacı var ki, çox böyük, möhtəşəm ağacdır. Bu ağac hardasa olsa, ona fikir verməyib keçmək mümkün deyil. Onun bir toxumu olur. Həmin toxum, adi, kiçik bir şəkildə olur. Bu toxum istəyir ki, görsənsin. Küləyə qoşulur, ora-bura uçur ki, onu görsünlər - bir şey alınmır. Rəngli yarpaqların üzərinə özünü salır ki, bəlkə orada görsünlər - bir şey əmələ gəlmir. Hər nə edir ki, ona diqqət etsinlər, insanlar onu görmür. Çox da görsənmək istəyəndə, onu görən yalnız iki tip varlıq olur: onu yemək istəyən quşlar və həşəratlar. Ona maraq göstərənlər yalnız onu yemək istəyənlər olur. Bir gün artıq bu toxum yorulur, həyatdan küsür, inciyir, arzusuna, istəyinə çatmır. Allaha üz tutur, deyir: "Allahım, bu nə həyatdır ki, mən öz arzularıma çatmıram, böyüyə bilmirəm, mənə diqqət etmirlər". Ona ilham gəlir: "Ey mənim əziz, yaratdığım kiçik varlıq! Sən çox böyüksən, təsəvvür etdiyindən də böyüksən. Amma, sən özünü böyüməkdən məhrum etmisən. Sənin böyüməyin - təkamülün görsətməkdən keçmir, əksinə, sən özünü gizlədəndə böyüyəcəksən".   Toxum gizlətməklə necə böyük mümkün olduğunu başa düşmür. Amma, özünü torpağa atır, torpaqda gizlənir. Torpaqda artıq bunu heç görən olmur. İllər keçir, həmin toxumdan elə bir böyük ağac meydana gəlir ki, onu görmədən keçmək mümkün olmur...   Əslində çox ibrətli məsələdir. Əgər biz Allah hüzurunda dəyərimizin olmasını istəyiriksə, bu, özümüzü görsətməkdən deyil, əksinə təvazökarlıqdan keçir. Təvazösüz insanın təkamülü yoxdur.   "Mən buna layiq deyiləm..." Digər bir ibrətamiz deyim. Nəql edirlər ki, iki şeytan (lən) bir-biri ilə söhbət edir. Görürlər ki, bir mömin adam keçir. Biri digərinə deyir ki, mən bunu yoldan çıxardaram. Digəri deyir ki, bunu yoldan çıxartmaq çətin olar, o, mənəvi düşüncələrlə yaşayan adamdı. Birinci şeytan (lən) israr edir ki, onu yoldan çıxarda bilər. Gedir bir mələk qiyafəsində ona yaxınlaşır ki, gəlmişəm. Həmin mənəvi adam deyir ki, sən məni kiminləsə səhv salmısan, mən o adam deyiləm ki, mənim yanıma mələk gəlsin. Bunu deyəndən sonra yoluna davam edir və şeytan (lən) da məyus olur. Şeytan (lən) onun üçün bu böyda tələ düzəltmişdi, amma alınmır. Çünki, həmin mömin kişi təkəbbürdən uzaq idi. Təkəbbürlü olan insan hətta düşünər ki, nəyə görə onun ardınca hələ mələk gəlmir. Amma təvazökar insan, layiq olduğu halda da belə, özünü bu dərəcəyə uyğun bilməz.   Hikmətin binası təvazökarlıqla tikilir Həzrət İsa (ə) bir gün öz həvarilərini, yaxınlarını yığır və deyir: "Mən bir iş görəcəyəm, amma siz mənə mane olmayın". Həvarilər deyirlər ki, "biz hazırıq". Həzrət İsa (ə) onların ayağını yumağa başlayır. Onlar deyirlər ki, "biz bu işə daha uyğunuq". Həzrət İsa (ə) deyir: "Təvazökarlığa daha uyğun olan kəs, daha çox biləndir, daha çox alim olandır. Mən belə təvazökarlıq etdim ki, siz də məndən sonra insanlarla təvazökarlıqla davranasınız".   Ondan sonra Həzrət İsa (ə) bir nurani buyuruşu bəyan edir: "Hikmətin binası təvazökarlıqla tikilir, necə ki, əkin yumşaq yerdə bitir, bərk yerdə bitmir". Bəli, necə ki, əkin yumşaq, şumlanmış yerdə bitir, insanın da təkamülü, yüksəlişi təvazökarlıq ab-havasında mümkün olur.   Həzrət İsa (ə) bir gün səyahətə çıxır. Səyahətə çıxmaq onun həyatının tərkib hissəsi olur. Onun ətrafındakı insanlardan biri ona qoşulur. Dənizdən keçməyə gəlirlər. Dənizin üzərindən keçəndə, Həzrət İsa (ə) kamil yəqin və xalis niyyətlə "Bismillah" deyir və suyun üzəri ilə hərəkət edir. H