İKT sənayesində sürətli artım gözlənilir


Digərləri 24 Okt 2017 22:15:00 355 0

İKT sənayesində sürətli artım gözlənilir

"International Data Corporation" (IDC) analitik şirkəti dünya informasiya-kommunikasiya texnologiyaları (İKT) bazarının həcminin yeni texnologiyaların inkişafı sayəsində yaxın illərdə daha sürətli artacağını proqnozlaşdırır.  

Son.az ICTnews-a istinadən bildirir ki, 2016-cı ildə ənənəvi və yeni informasiya texnologiyaları, eləcə də telekommunikasiya xidmətləri üçün qlobal xərclər 4,3 trilyon dollara çatıb. 2021-ci ilədək isə xərclərin 5,6 trilyonadək artacağı, bazarın ortaillik artım tempinin 6 faizə bərabər olacağı gözlənilir. 2017-ci ildə İKT sahəsində artım dinamikasının 5,5 faiz, 2021-ci ildə isə 6,5 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

Ekspertlər bazarda sürətli artımı "Əşyalar interneti" (IoT), robot texnikası, əlavə və virtual reallıq (AR və VR), koqnitiv hesablamalar və süni intellekt kimi yeni texnologiyaların (innovasiya sürətləndiriciləri) inkişafı ilə əlaqələndirirlər. Qeyd edilən texnologiyalar üçün İKT xərcləri 2017-ci ildə 17 faiz artaraq növbəti beş il ərzində sürətli artım nümayiş etdirəcək.

Bildirilir ki, ənənəvi İKT həlləri iqtisadiyyatın tam formalaşmış sektorudur, İT sənayesinin əksər seqmentlərində tələbat ödənilməkdə, məhsullar isə geniş istehlak mallarına çevrilməkdə davam edir.

"IDC Customer Insights & Analysis" qrupunun vitse-prezidenti Stiven Mintonun sözlərinə görə, innovasiya sürətləndiriciləri lokal məlumat mərkəzlərini, qurğular və proqram təminatını əhatə edən ikinci platformanı sürətlə əvəzləyən üçüncü platformanın inkişafının vacib hərəkətverici qüvvəsinə çevrilib.