"Ögey ana" filminin Cəmiləsi: "Nəcibə Məlikova məni oğluna almaq istəyirdi" FOTO


Kriminal 24 Okt 2017 21:02:00 816 0

"Ögey ana" filminin Cəmiləsi: "Nəcibə Məlikova məni oğluna almaq istəyirdi"  FOTO

“Qızımın 18 yaşı olanda yoldaşım rəhmətə getdi”

"Ögey ana" filminin Cəmiləsi - Sevinc Axundovanın Son.az-a müsahibəsi.

- Sevinc xanım, "Ögey ana" filminin bugünkü gündə həyatdakı yeganə qəhrəmanısınız. Filmi izləyəndə hansı xatirələr göz önünüzdən gəlib keçir?

- "Ögey ana" Azərbaycanın milli klassik filmidir. Filmi bu gün də mavi ekranlarda izləyəndə çox gözəl xatirələrə dalıram. Qayğısız uşaqlıq illəri, atalı-analı günlər və gərgin çəkiliş günləri... Bir sözlə uşağlığıma qayıdıram. İnsanın həyatında ən gözəl dövr uşaqlıq dövrüdür.

- Uşaq olduğunuz üçün yəqin ki, filmə çəkilmək o qədər də asan olmayıb. Ümumiyyətlə, uşaq aktrisası olmağın nə kimi çətinlikləri var?

- Filmdə çəkilən uşaq öncə istedadlı olmalıdır. İstedad olsa, hər bir uşaq maraqlı obraz yarada bilər. Əlbəttə ki, uşaqlarla işləyən rejissorda da səbir, dözüm olmalıdır. Burada da rejissorun üstünə böyük məsuliyyət düşür. Biz də vaxtında o çətinliyi yaşamışıq.

- Çəkilişlərdə kaprizlər edirdiniz?

- Əlbəttə ki, bütün uşaqlar kimi mənim də öz kaprizlərim var idi. Amma film çəkiləndə o kaprizləri kənara qoyurduq. Çünki filmdə böyük bir kollektiv çalışırdı. Bizim rejissorumuz Həbib İsmayılov uşaqlarla işləməyi bacarırdı. O bizi bütün kaprizlərdən azad etmişdi. Çətinliklər əlbəttə ki, çox olub. Məsələ,n orada suya yıxılma, ata minmə səhnələri var idi. Mən heç vaxt ata minməmişdim, ata minəndə özümü elə apardım ki, guya heç nədən qorxmuram (gülür). Mən orada hətta diri yarasanı da görmüşdüm. Təbii ki, qorxduğum anlar da olmuşdu. Sadəcə çalışırdım ki, özümü qorxutmayım, hər şeyin öhdəsindən gəlim. Yəqin ki, öhdəsindən də gəlmişəm. Çünki rejissor təkcə mənimlə yox, bütün uşaqlarla məşğul olurdu.

- Ana rolunu sevimli aktrisamız Nəcibə Məlikova oynayırdı. Çəkiliş prosesində Nəcibə xanımdan ana nəzakəti, ana qayğısı görürdünüz?

- Nəcibə xanım çox gözəl insan və aktrisa idi. Onun bizim ailəylə tanışlığı var idi. O bizə gələrdi, biz onlara gedərdik. Bir sözlə bir-birimizin şad günlərində yığışardıq. Nəcibə xanımdan nəinki mən, filmdə çəkilən bütün uşaqlar ana qayğısı görürdülər. Hamı bir-biri ilə çox yaxın dost idi. Filmdə çox böyük aktyor kollektivi var idi. Elə buna görə də bu günkü gündə film izlənilir, baxılır və vaxtilə qızıl fonda da daxil olunub.

- Bildiyimə görə, Nəcibə xanım sizi oğluna almaq istəyirdi. Nə oldu bəs?

- Nəcibə xanım məni həqiqətən çox istəyirdi. O bu sözü təbii ki, zarafatca demişdi. Mən onun oğlu Sabiqlə uşaqlıqdan dost idim. Böyüyəndə də bir-birimizlə dostluğumuzu qoruyub saxladıq.


Xəbərə aid fotolar