Səyahətlərə ildə 200 min dollar xərcləyən cütlük


Digərləri 24 Okt 2017 21:05:00 240 0

Səyahətlərə ildə 200 min dollar xərcləyən cütlük

Collette və Scott Stohler-lərin işi röya kimi görünə bilər. Onlar ilin altı ayını dünyanı gəzib dolaşır və sosial media kanallarında, öz saytlarında paylaşdıqları foto, video, qeyd və bloqlara görə pul alırlar.

Onların Instagram səhifəsi (@Roamaroo) istirahət etdikləri yerlərdə çəkdikləri gözqamaşdırıcı fotolarla doludur.

Collette deyir ki, fotolarda yalnız bir neçə məqam əksini tapır, kadr arxasında qalan əziyyət isə elə də cazibədar deyil.

Collette və Scott Stohler Andaman dənizində qüruba tamaşa edirlər - Phuket, Tailand

Onun sözlərinə görə, sosial media "məşhuru" işi ağır zəhmət tələb edir: bu bazarda minlərlə rəqiblə rəqabət aparmaq lazımdır.

Stohler-lər kimi pul qazanan sosial media "məşhurlarının" sayı artmaqdadır - bu sahə sürətlə inkişaf edir.

Lakin bu işin hesabına özünü dolandıra bilənlər isə olduqca azdır.

Bu sahədə fəaliyyət göstərən Edelman marketinq şirkətinin başçısı Philip Trippenbach deyir ki, bu sahədə "ən yaxşıları" astronomik məbləğdə pul əldə etdikləri zaman, işini, sadəcə, "kifayət qədər yaxşı görənlərin qazancı, demək olar ki, olmur".

Adweek saytına görə, maliyyələşdirilən postun orta qiyməti təxminən $300 təşkil edir.

Los Angeles-də mənzillənən Collette və Scott-un yaşı, müvafiq olaraq, 30 və 34-dür.

Onların dərc etdiyi postun qiyməti, təxminən 2,000 dollar təşkil edir, hər il isə qazancları təxminən 200,000 dollar olur.

Bu qazancın böyük bir hissəsi məşğul olduqları biznesə sərf olunur.

"Bu asan iş deyil. Hər 50 təklifdən orta hesabla yalnız ikisi bəyənilir", - Scott deyir.

Əvvəllər mühəndis menecer və prodüser kimi işləmiş bu cütlük iki ildir ki, Roamaroo saytını təsis edib.

Onlar ikinci ev üçün yığdıqları pulu dünya boyu səyahətə xərcləmək qərarına gəliblər və 7 ay çəkən səyahətlərinin sonunda gördülər kı, sosial mediada izləyicilərinin sayı artmaqdadır.

Bundan sonra cütlük səyahətə çıxmağı əsas biznesə çevirmək qərarına gəlib.

Qazanc gətirən postlar

Sonra Stohler-lər yaratdıqları foto, video və yazı materiallarına müştəri axtarışına çıxdılar.

Hazırda onlar müəyyən şirkətlərin (misal üçün, otellər) sifarişini yerinə yetirir.

Həmin şirkət onların səyahət xərclərini və "məzmunun yaradılması xərcini" ödəyir.

Digər şirkətlər, sadəcə çəkilən fotolarda öz məhsulunun əks olunması ilə kifayətlənir.