"Hegemonluq etmək istəyən bəzi dövlətlər din amilindən geniş istifadə edirlər"


Digərləri 24 Okt 2017 18:35:00 297 0

"Hegemonluq etmək istəyən bəzi dövlətlər din amilindən geniş istifadə edirlər"

"Müəyyən xarici dairələr və dini mərkəzlər tərəfindən, xüsusilə, üçüncü ölkələr mövqeyindən, eləcə də xaricə səfərlər edən, xaricdə təhsil alan və yaşayan soydaşlarımız arasında yad dini ideologiyaların təbliğinə cəhdlər edilir. Məhz bu səbəbdən istər xarici ölkələrə səfər edənlər, istərsə orada yaşayan vətəndaşlarımız maksimum diqqətli olmalı, belə hallarla qarşılaşdıqda ölkəyə qayıdarkən aidiyyəti dövlət qurumlarına məlumat verməlidirlər".

Son.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Bakının Xəzər rayonunda Dövlət Komitəsinin təşkilatçılığı ilə "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda keçirilən regional seminar-müşavirədə bildirib.

O deyib ki, məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, digər ölkələrin milli xüsusiyyətlərini, dini ideologiyalarını İslam adı altında ölkəmizdə təbliğ etməyə çalışan bəzi qüvvələrlə mübarizə aparılması, gənclərin və yeniyetmələrin zərərli dini qrupların təsiri altına düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində əsas fəaliyyət istiqamətlərindəndir.