“Lotu Quli” məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilib


Sosial 24 Okt 2017 18:22:00 338 0

“Lotu Quli” məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilib

O, 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsinin rəisinə ərizə ilə müraciət edib

Bakıdakı 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsində (CM) saxlanılan və “Lotu Quli” kimi tanınan Nadir Səlifov məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilib.

Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, N.Səlifov 8 saylı CM-in rəisinin adına ərizə ilə müraciət edərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş edib. Rəis onun istəyini təmin edib.

Xatırladaq ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. Onun cəza müddəti 2021-ci ildə başa çatır.

Qeyd edək ki, məntəqə tipli cəzaçəkmə müəssisələrində yataqxana, müəssisə əməkdaşlarının xidməti otaqları, yeməkxana, dükan, tibb-sanitariya hissəsi, yardımçı otaqlar, kitabxana, tərbiyəvi və kütləvi tədbirlərin keçirilməsi üçün otaq, cəmaşirxana və dezinfeksiya kamerası olan hamam, məhkumların şəxsi əşyalarının saxlanılması üçün anbar, cərimə təcridxanası, qonaq otağı olur. Məntəqə tipli cəzaçəkmə müəssisələrində kamera tipli otaqlar təşkil olunmur. Məntəqə tipli cəzaçəkmə müəssisələrinin cərimə təcridxanasında hər biri 4-6 nəfərlik 1-3 ümumi kamera, iki nəfərlik 1-3 kamera və cərimə təcridxanası üzrə nəzarətçi üçün otaq təşkil olunur. Cərimə təcridxanası digər tikililərdən bütöv hasarla ayrılır. Əhali yaşayan ərazidə yerləşən məntəqə tipli cəzaçəkmə müəssisələrinin binaları nəzarət-buraxılış məntəqəsi olan hasarla əhatə olunur. Məntəqə tipli cəzaçəkmə müəssisələrinin sərhədləri müəssisənin yerləşdiyi yer və məhkumlar tərəfindən görülən işlərin xüsusiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasının ədliyyə nazirinin əmri ilə müəyyən edilir. Lakin bütün hallarda bu sərhəd müəssisənin yerləşdiyi yerin mərkəzindən radius üzrə 10 km artıq olmayan məsafədən keçməlidir. Müəyyən edilmiş sərhədlər barədə məhkumlara imza etdirməklə elan edilir və onların şəxsi işinə tikilir.