Sahib Ələkbərov Güləş Federasiyasının rəhbərliyinə gətirilib?


Digərləri 24 Okt 2017 12:46:00 454 0

Sahib Ələkbərov Güləş Federasiyasının rəhbərliyinə gətirilib?

Sahib Ələkbərovun Güləş Federasiyasının rəhbərliyinə gətirilib, ya yox? Azərbaycan Güləş Federasiyasının rəhbərliyində aparılan kadr dəyişikliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 1-ci vitse-prezidenti Sahib Ələkbərova müvəqqəti olaraq AGF-in I vitse-prezidenti vəzifəsinin icrasının həvalə edilməsi ilə əlaqədar xəbərlərə aydınlıq gətirilib. Son.az xəbər verir ki, AzVİF-in mətbuat xidmətinin rəhbəri Pərviz Musayev bununla bağlı suallara aydınlıq gətirib:

"Əvvəla, Sahib Ələkbərov Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti vəzifəsindən ayrılmayıb və belə bir məsələ ümumiyyətlə müzakirə edilmir.

İkincisi, Sahib Ələkbərov Azərbaycan Velosiped İdmanı Federasiyasının heç bir əməkdaşını (içi mən qarışıq) özü ilə Azərbaycan Güləş Federasiyasına aparmır və belə bir söhbət müzakirə mövzusu deyil!" Bu açıqlamadan belə məlum olur ki, Sahib Ələkbərov həqiqətən də AGF-nin I vitse-prezidenti təyin olunub və indi o, eyni anda iki federasiyanın rəhbərliyində təmsil olunur.  Qeyd edək ki, AGF-nin yaydığı məlumata görə, Federasiyanın Prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib və Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib. Xatırladaq ki, Sahib Ələkbərov həmçinin, 2010-cu ildən Azərbaycan Respublikası Vergilər nazirinin müavini vəzifəsində çalışır. Zəfər Tağı