Qatardan qaçan "Qoca" həbsdə "nadzor"u öldürübmüş...


Digərləri 24 Okt 2017 10:55:22 337 0

Qatardan qaçan "Qoca" həbsdə "nadzor"u öldürübmüş...

Ötən gün Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan dustaq 1980-ci il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov kriminal aləmdə böyük nüfuza malikdir.

Son.az lent.az-a istinadən xəbər verir ki, Etibar Məmmədov kriminal aləmdə "Qoca", "Etibar Hacıqabullu", "Brodyaqa Etibar" ayamaları ilə məşhurlaşıb.

O, uşaq yaşlarında cinayət törətdiyi üçün həbsdə düşüb. Onu Bakıda olan "maloletka"ya (yetkinlik yaşına çatmayanlarla islah müəssisəsinə) göndəriblər. 

Yetkinlik yaşına çatmamışların cəza çəkdiyi müəssisədə E.Məmmədov kriminal dildə desək "opşak" yaradıb. Elə məhz "maloletka"da qaldığı dövrdə həbsxana nəzarətçisini qətlə yetirib. Yaşı az olduğunu üçün bu cinayətə görə 10 il azadlıqdan məhrum edilib. Çünki Azərbaycan Cinayət Məcəlləsinə əsasən 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza verilmir.

"Qoca"nın həbsxanada "nadzor"u qətlə yetirməsi kriminal aləmdə səs-küyə səbəb olub. Təkcə Azərbaycanda deyil, keçmiş MBD ölkələrində kriminal aləm üzvləri tərəfindən Etibar Məmmədovun avtoriteti qəbul edilib.

Etibar Məmmədov 18 yaşına çatandan sonra onu Azərbaycanda olan həbsxanalara etap ediblər. Harada cəza çəkməsindən asılı olmayaraq "Qoca Hacıqabullu" içəridə "vəziyyət" yaradıb.

Belə ki, o, "oğru qanunlarını" həbsxanada icra etdirib. Xələcdə cəza çəkdiyi müddətdə onun həbsxanada "bunt" qaldırdığı bildirilir. Dustaqlar onun sözüylə "bunt"a qoşulub. Çətinliklə də olsa, hüquq-mühafizə orqanları vəziyyətə nəzarətə götürə bilib.

Bir müddət sonra isə "Xələc türməsi"nin rəisi olan Abbasqulu Qarayev vəzifəsindən azad edilib.