Yay istirahətinə gedən kişilər genofonda zərbə vuran


Digərləri 24 Okt 2017 08:00:00 269 0

Yay istirahətinə gedən kişilər genofonda zərbə vuran

Əksər hallarda yaydan sonrakı aylarda cinsi yolla yayılan xəstəliklərə yoluxanların sayında artım müşahidə edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Zülfüqar Fərəcov deyib.

Z.Fərəcov payız aylarında belə xəstələrin sayının artmasının səbəbini yay aylarında istirahətə gedən insanların həmin yerlərdə cinsi yolla keçən xəstəliklərə yoluxması ilə izah edib:

"Yayda insanlar dincəlmək üçün başqa şəhərlərə, kurort zonalarına, istirahət mərkəzlərinə səfər edirlər və orada bəzi insanların şübhəli cinsi əlaqələri olur. Belə xəstəliklərə yoluxanlar səfər etdikləri yerlərdə bunun dərinliyinə varmırlar. Amma istirahətdən qayıtdıqdan sonra onların səhhətlərində müəyyən problemlər yaranır. Ona görə də payız aylarında bu xəstələrin sayında müəyyən artım müşahidə edilir".

Z.Fərəcov deyib ki, zöhrəvi xəstəliklərə görə daha çox kişilər müraciət edirlər.

Onun sözlərinə görə, ümumilikdə zöhrəvi xəstəliklərə kişilər arasında daha çox rast gəlinir. Cinsi yolla keçən xəstəliklər əsasən reproduktiv yaş dövründə olan - 50 yaşadək olan kişilərdə müşahidə olunur.

Baş mütəxəssis qeyd edib ki, ümumilikdə son illər ərzində bütün dəri-zöhrəvi xəstəliklərinə, o cümlədən cinsi yolla keçən xəstəliklərə yoluxma sayında artım müşahidə edilir.