Saakyanın Brüsselə növbəti turist səfəri də iflasa uğradı


Digərləri 23 Okt 2017 17:57:33 224 0

Saakyanın Brüsselə növbəti turist səfəri də iflasa uğradı

Bako Saakyan tör-töküntüləri ilə Brüsselə gəlib "konqres"ə qatılmaq istəsə də, tədbirdə iştiraklarının qarşısı alındı.

Bəxtiyar Hacıyev – Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazisində – Dağlıq Qarabağda yaradılmış qondarma rejimin “nümayəndələri”nin ötən həftə Brüsseldə, Avropa Parlamentinin binasında erməni diasporunun təşkilatçılığı ilə keçirilmiş Avropa ermənilərinin 4-cü "konqres"ində iştirak cəhdi baş tutmadı. Belə ki, qondarma rejimin "başçısı" Bako Saakyan tör-töküntüləri ilə Brüsselə gəlib "konqres"ə qatılmaq istəsə də, tədbirdə iştiraklarının qarşısı alındı. Bununla həmin "nümayəndələr"in tədbirdə çıxış etmək arzuları da gözlərində qaldı. Sual yaranır: Bəs Ermənistanın belə təxribatlar törətməkdə məqsədi nədir? Məsələ burasındadır ki, işğalçı ölkə qondarma rejimin guya Avropa institutları tərəfindən tanındığı görüntüsünü yaratmaq istəyir və bu məqsədilə imkan düşdükcə Brüsselə həmin rejimin "rəhbərlər"inin, "nümayəndələr"inin "rəsmi" səfərlərini təşkil etməyə çalışır. Məlum olduğu kimi, son illərdə bu cəhdlər tam iflasa uğrayıb, qondarma rejimin “təmsilçiləri” faktiki olaraq erməni diaspor və lobbi dairələrinin hüdudlarından kənara çıxa bilməyiblər. B.Saakyan 2017-ci il oktyabrın 18-19-da keçirilmiş 4-cü Avropa erməni qurultayının “qonağı” qismində Brüsselə səfər etsə də, tədbirin keçirildiyi Avropa Parlamentinə yaxın belə buraxılmadı, yüksək səviyyədə, eləcə də yerli icra qurumları və federal parlamentdə qəbul edilmədi. O, Belçika paytaxtına növbəti turist səfərini “Ümumi erməni xeyriyyə birliyi” (AGBU) və “Ermənistanın avropalı dostları” (EuFoa) adlı erməni diaspor və lobbi təşkilatlarında, həmçinin Brüsseldəki erməni kilsəsində "görüşlər" keçirməklə başa vurdu. Milyonçu iş adamı Kaspar Karampetyanın rəhbərlik etdiyi “Ədalət və demokratiya üçün erməni Avropa federasiyası” adlı lobbi təşkilatı tərəfindən təşkil edilmiş digər görüşdə isə B.Saakyan üç-dörd regional parlamentari tərəfindən qeyri-rəsmi qəbul edildi. Həmin deputatların təmsil olunduğu Brüssel-paytaxt regionu və Flamand regionu parlamentləri bu qeyri-rəsmi görüşlərin yalnız sözügedən deputatların şəxsi təşəbbüsü olduğunu və parlamentlərin fəaliyyətinə heç bir aidiyyəti olmadığını vurğuladılar. Xatırladaq ki, Belçikanın erməni lobbisinin birbaşa təsiri altında olan bu deputatlar milyonçu K.Karampetyanın "təşkilatçılığı" ilə daha öncə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna qanunsuz səfər etmiş, erməni lobbisinin böhtan xarakterli tədbirlərinin Belçikada təşkilatçısı kimi çıxış edən şəxslərdir. Beləliklə, erməni lobbisinin səylərinə baxmayaraq, B.Saakyanın Brüsselə səfəri çərçivəsində qondarma rejimə “legitimlik” qazandırmaq cəhdləri yenə də tam iflasa uğradı.