Deputat: Azərbaycanın beynəlxalq nüfuzu daim artır


Digərləri 23 Okt 2017 17:22:00 217 0

Deputat: Azərbaycanın beynəlxalq nüfuzu daim artır

Azərbaycanın beynəlxalq nüfuzu və əhəmiyyəti hər gün artır.

Bakı. Samir Əli - Prezident İlham Əliyevin Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya kimi ölkələrin daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) zirvə görüşündə iştirak etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və əhəmiyyətinin hər gün artdığını sübut edir. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. O bildirib ki, ölkəmizin D-8 görüşündə təmsil olunması Azərbaycan-Türkiyə dostluq və qardaşlığına nümunə olmaqla yanaşı, dövlətimizin müsəlman dünyasında da rolunun, əhəmiyyətinin artdığını göstərir: “Zəngin təbii sərvətlərə və sürətli inkişafa malik D-8 ölkələrinin qarşılıqlı ticarət dövriyyəsini 500 milyard dollara çatdırmaq niyyətində olan təşkilat üzvləri sıralarının günişləndirilməsini də prioritet kimi görürlər. Odur ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin IX zirvə görüşünə dəvət olunması təsadüfi deyildi”. Deputat qeyd edib ki, Azərbaycan D-8 çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verə bilər: "Birincisi, Azərbaycan dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparan və İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində konkret addımlar atan ölkədir. İkincisi, Azərbaycan son 13 il ərzində iqtisadiyyatını 3 dəfədən çox artıran, yoxsulluğun səviyyəsini 10 dəfə aşağı salan, savadlılığı 100 faizə yüksəldən, 2 milyona yaxın yeni iş yerləri açan, strateji valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabər, xarici dövlət borcu isə ümumi daxili məhsulun 20 faizindən az olan bir dövlətdir. Üçüncüsü, Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu gün ölkəmiz tərəfdaşları ilə birlikdə dünyanın ən böyük infrastruktur layihələrini icra edir. Dördüncüsü, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir”. O əlavə edib ki, Azərbaycanın D-8 kimi iqtisadi əməkdaşlıq təşkilatına qoşulmaq imkanı kifayət qədər realdır və şübhə yoxdur ki, ölkəmizin gələcəkdə bu qurumun sıralarına daxil olması islam dünyasında əməkdaşlığın genişlənməsinə yalnız fayda verəcək.