Hərcayi İran generalı,


Dünya 23 Okt 2017 14:55:00 402 0

Hərcayi İran generalı,

Ötən cümə günü toplar susub Kərkük-Ərbil yoluna sakitlik çökəndən bəri İraqın şimalındakı xəritə əsaslı şəkildə dəyişib.

Son.az virtualaz-a istinadən xəbər verir ki, bundan sonra kürd peşmərgələr bir az da şimala - geri çəkilməli olublar. İraq Kürdüstanının ərazisi bir xeyli "əriyib". Bu haqda "The Observer"in məqaləsində deyilir.

İraq qoşunları beş gün davam edən və müqavimətlə qarşılaşmayan yürüşlə 14 min kvadrat kilometrlik ərazini kürd döyüşçülərdən geri alıb. Beləliklə, kürdlər muxtar Kürdüstana daxil olmayan, lakin İŞİD-dən geri aldıqları neftli ərazini itiriblər. "The Observer" yazır ki, bu hadisə kürdlərin müstəqillik ambisiyasını azı bir nəsil uzağa atıb.

Məqalədə deyilir ki, bu qələbə, ilk növbədə, İraqın baş naziri Heydər əl-Abadiyə və İranın hərcayi generalı Qasım Süleymaniyə aiddir.

İran hökumət rəsmiləri də, Məsud Bərzaninin əslində ilhaq etdiyi Kərkükün geri alınmasını bayram edirlər. "Biz Kərkükün qopardılması kimi sionist layihə ilə heç vaxt barışmamışdıq. Kərkük İraq iqtisadiyyatının sütunudur və heç vaxt Bərzaniyə məxsus olmayacaq", - Xalq Səfərbərlik Birlikləri (XSB) kimi tanınan hökumətyönlü şiə silahlı qruplaşmasının komandanlarından biri deyib.

8 milyard barrel neft

Bütün tarix boyu mübahisəli Kərkük kürdlərlə yanaşı, həm də ərəb və türkmanların yaşadığı bir şəhərdir. Buradakı neft mədənlərinin altında 8 milyard barrel qara qızılın yatdığına inanılır.

Əslində son üç ildə İraq Kürdüstanının muxtariyyətini ayaqda saxlayan məhz bu yataqlar olub. Kürdlər buradan Türkiyəyə çəkilmiş kəmərlə günə 600 min barrel neft vururdular.

"The Observer" yazır ki, Kərkükün itirilməsi kürdlərin arasındakı köhnə ixtilafın çat xətlərini açıb. İraq Kürdüstanını müstəqil edəcək bu referendumda kürdlərin 93 faizi müstəqilliyə səs versə də, Tələbani tayfası heç vaxt bu səsverməni tam razılıqla qəbul etməyib. Kərkük mədənlərini məhz bu klanın peşmərgələri qorumalı ididlər.

İraqda çalışan bir Avropa diplomatı deyib ki, Tələbani klanı heç vaxt liderin Bərzani olmasını qəbul etməyəcəkdi. Onun sözlərinə görə, üstəlik İran Kərkükün itirilməsini qəbul edə bilməzdi. Diplomat deyir ki, bu halda İran İraqa hərbi müdaxilə edəcəkdi. Qısası Talabaninin kürdləri lap əvvəldən başa düşürdülər ki, müstəqillik kimi məsələlər birtərəfli qaydada həll edilmir.

Hərcayi İran generalı

Əlbəttə Bağdadda qələbənin İran tərəfindən əldə edilməsinə dair iddiaları rədd edirlər. "Xalq arasında belə bir rəvayət dolaşır ki, hansısa İran generalının bu ölkədəki bütün işlərdə əli var. Guya o bir növ vəzir kimidir. Bu, həqiqətə uyğun deyil. Bu ölkə çox kəşməkeşlərdən keçib və indi şəhidlərinin qanı ilə və vətəndaşlarının qurbanları ilə ayağa qalxır"- İraq nazirlərindən biri deyib.

"The Observer" yazır ki, bu rəsmidən adının çəkilməsini niyə istəmədiyini soruşanda vəziyyətin həssas olduğunu bildirib. Sonra isə əlavə edib: "İranı qıcıqlandırmaq lazım deyil".

Kərkükün geri alınmasında İraq hərbiyyəsi mühüm rol oynasa da, şiə qruplaşmalarının da rolu az olmayıb. Onlar isə birbaşa Süleymaninin komandanlığı altındadırlar. XSB-nin iki rəsmi lideri var: Hadi əl-Amiri və Əbu Mehdi əl-Mühəndis.

Kürdlər referendum keçirməzdən əvvəl Bərzaninin yanına öz elçilərini göndərib onu müharibə ilə hədələyən də məhz əl-Amiri olmuşdu. Kürd rəsmilər deyirlər ki, hətta Bərzanini referendum fikrindən daşındırmaq üçün Süleymaninin özü şəxsən onun görüşünə gəlibmiş. Deyilənə görə Bərzani onun ricasını rədd edəndən sonra o, ikinci görüş istəyib, lakin bu dəfə onu qəbul etməyiblər.