Ukraynalı deputat: "Əvvəlki Maydan heç bitməmişdi ki?!"


Dünya 23 Okt 2017 14:47:43 281 0

Ukraynalı deputat: "Əvvəlki Maydan heç bitməmişdi ki?!"

Ukrayna Ali Radasının qarşısında etiraz edənlər tələblərini açıqlayıblar

Ukrayna Ali Radasının qarşısında etiraz edən vətəndaşlar tələblərini açıqlayıb və hadisələrin mümkün sonrakı inkişafı barədə danışıblar.

Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin "Yeni qüvvələr hərəkatı" partiyasının nümayəndəsi İvan Slobodyanık "Report"un Ukrayna bürosuna nümayişçilərin Ali Radanın yanında qalacağını söyləyib.

"Burda qalırıq, çünki insanlar tələblərini - deputat toxunulmazlığının ləğvi, Antikorrupsiya Məhkəməsinin yaradılması, seçki sistemində islahatlar aparılması istəklərini israrla davam etdirmək istəyir. Amma insanları daha çox ölkəmizin kursu, hara doğru getdiyimiz maraqlandırır; bu, korrupsiyadır, tariflərdir, iqtisadiyyatın vəziyyətidir, medianın inhisarlaşmasıdır, ölkədə əsas iqtisadi gəlirlərin oliqarxların əlində cəmləşməsidir. İndi Rinat Axmetovun - Yanukoviçi faktiki olaraq "yaradan" oliqarxın hazırkı prezidentin tərəfdaşı olduğunu görürük. Bunun fonunda isə islahatlar həyata keçirimir, Yanukoviçin dövründə mövcud olan korrupsiya vəsaitlərinin axını bərpa edilib", - İ.Slobodyanık bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə vəziyyətdən narazı olanlar üçün əsas məsələ korrupsiyanın aradan qaldırılmasıdır. "Antikorrupsiya Məhkəməsi bu baxımdan vacib həlqə ola bilər. Çünki Ukrayna Milli Antikorrupsiya Bürosu fəaliyyət göstərir və yaxşı nəticələr verir. Sadəcə, məhkəmə sistemi olmadan işi sona çatdırmaq olmaz", - "Yeni qüvvələr hərəkatı" partiyasının nümayəndəsi iddia edir.

Ukraynanın "Özünəyardım" partiyasından xalq deputatı seçilən Semyon Semençenko Ali Rada qarşısında mitinq yox, daha çox etiraz aksiyası keçirildiyini vurğulayıb. O, cari hadisələri Avromaydanla müqayisə etməyin mümkün olub-olmadığı barədə sualı belə cavablandırıb: "Əvvəlki Maydan heç bitməmişdi ki?! Çünki onun tələbləri yerinə yetirilməyib. Hökumət nümayəndələri yenə sadə camaatdan uzaq düşüb. Ukraynada isə bu qəbuledilməzdir. Biz iradəni sevən xalqıq. Xalqı satan getmanları isə həmişə cəzalandırmışıq".

"Nümayişçilərin tələblərinə gəlincə, hökumət onların heç birini icra etmir, bu yalandır. Bəs üç il əvvəl bunu etməyə onlara nə mane olurdu?! Onlar heç nəyi dəyişmək istəmirlər, indiki kimi yaşamaq istəyirlər. Saakaşvili Gürcüstandakı fəaliyyəti ilə yaxşı təcrübə toplayıb, fikrimcə, ukraynalılara yardım edə bilər. Onun bugünkü hakimiyyətə alternativ olub-olmadığına isə mən qərar vermirəm", - xalq deputatı qeyd edib.