"ABL Cup" 2017/18 turnirinin püşkatma mərasimi baş tutdu (FOTO,VİDEO)


Digərləri 23 Okt 2017 13:11:34 248 0

"ABL Cup" 2017/18 turnirinin püşkatma mərasimi baş tutdu (FOTO,VİDEO)

"ABL Cup" 2017/18 turnirinin qrup mərhələsinin püşkatma mərasimi baş tutub.

Bakı. Oktyabrın 20-də "Pullman" hotelində "ABL Cup" 2017/18 turnirinin qrup mərhələsinin püşkatma mərasimi baş tutub. Yüksək səviyyədə düzənlənən tədbirin təşkilatçılığını ASEP (Azfar Sport Events & Promotion) şirkəti öz üzərinə götürüb. Təşkilatçı şirkət tədbirin aparılmasını tanınmış telejurnalist Sənan Şəfizadəyə həvalə edərək gecəyə xüsusi rəng qatıb. Mərasim ilk olaraq S.Şəfizadənin zalda əyləşən qonaqları və tədbirə gələn komanda üzvlərini salamlamağı ilə başlayıb. Sonra səhnəyə xüsusi qonaqlar dəvət edilib. Gənclər və İdman Nazirliyinin, Futbol sektorunun müdiri Fikrət Hüseynov, AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev ilk növbədə təşkilatçıları idmanın inkişafına göstərdikləri dəstək və mini-futbol üzrə hazırlanan lahiyənin uğurları münasibətilə təbrik ediblər. Çıxışlarının sonunda Biznes-liqanın iştirakçıları olan komandalara uğurlar diləyərək, təşkilatçıları dəstəklədiklərini bildiriblər. Qonaqların çıxışlarından sonra "ABL Cup" 2017/18 turnirinin lahiyə meneceri Tərlan Məmmədov, öz növbəsində, püşkatma mərasimi haqqında qısaca olaraq məlumat verərək püşkatma mərasiminə start verdi. Beləliklə, "ABL Cup" 2017/18 turnirinin qrup mərhələsinin ilk 8 komandasını müəyyən etmək üçün, səhnəyə ASEP (AZFAR SPORT EVENTS & PROMOTION) şirkətinin baş direktoru Andrey Sarıçev təşrif buyurdu. Növbəti 8 komandanı müəyyənləşdirmək üçün tədbirin keçirildiyi "Pullman" hotellər qrupunun baş meneceri Denis Le Nohaic səhnədə öz yerini aldı. Seçiminin sonunda əcnəbi qonaq çıxışını fransızlara məxsus “Güclü qalib gəlsin” ifadəsi ilə bitirdi. Püşkatmanın 16 komandası artıq müəyyən edilmişdi. Daha sonra "Zirə" komandasının kapitanı və Azərbaycan milli komandasının üzvü Anar Nəzirov çıxaraq 3-cü səkkizliyi müəyyən etdi. Son səkkizliyin adını açıqlamaq üçün "Zirə" komandasının digər oyunçusu Milan Curiç səhnəyə çıxaraq, püşkatmanı yekunlaşdırdı. Püşkatma bitdikdən sonra S.Şəfizadə sözü Azfar Group-un marketinq meneceri Azər Hüseynova verdi. O da, öz növbəsində, gələcək perspektivli, qlobal lahiyələr haqqında danışdı. Tədbir S.Şəfizadənin komandalara keçirəcəkləri oyunlarda uğurlar arzu etməsi və püşkatma mərasimini yekunlaşdırması ilə sona çatdı. Beləliklə, ilk dəfə olaraq mini-futbol üzrə keçirilən "ABL Cup" 2017/18 turnirinin qrup mərhələsinin püşkatması nəticəsində 32 komanda 8 qrupa bölündü. Tədbirin rəsmi hissəsindən sonra bir-birinə rəqib olan komandalara təşkilatçılara öz suallarını ünvanlamaq üçün şərait yaradıldı. Tədbir iştirakçıları onlar üçün məxsusi olaraq "Pullman" hotelinin baş aşpazı tərəfindən hazırlanan nəfis təamlarla düzənlənən furşet masası ətrafına dəvət edildilər. Komanda nümayəndələri, daha rahat bir ortamda gələcək oyunlarla bağlı söhbətlərini davam etdirdilər. Daha ətraflı https://www.facebook.com/media/set/?set=a.704938406383073.1073741830.673336346209946&type=1&l=9e0f56c3e3 Qeyd edək ki, "ABL Cup" 2017/18 turnirinin rəsmi saytı olan www.abl.az səhifəsində püşkatmanın nəticələri və keçiriləcək oyunlar haqqında geniş məlumatlar əldə etmək mümkündür. Mütəmadi olaraq yenilən səhifəmizi izləməyi unutmayın. İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az