"Bizi maliyyə sektorunun lideri edən müştərilərimizə göstərdikləri etibara görə təşəkkürümüzü bildiririk"


Digərləri 23 Okt 2017 12:15:00 372 0

"Bizi maliyyə sektorunun lideri edən müştərilərimizə göstərdikləri etibara görə təşəkkürümüzü bildiririk"

Ölkənin maliyyə sektorunun lider bankına çevrilən Kapital Bank son illər ərzində böyük nailiyyətlər əldə edib. Böyük transformasiya prosesi keçmiş bank, hazırda ölkə üzrə 100-dək filialı ilə müştərilərə müxtəlif çeşidli bank xidmətləri göstərir. 2017-ci ilin üçüncü rübünü yüksək nəticələrlə başa vuran Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev uğurlu biznesin qurulması və idarə olunmasının sirləri barədə danışıb.

-​ Rövşən müəllim, heç də asan olmayan 2016-cı ili Kapital Bank 52 mln. manatlıq mənfəətlə başa vurdu. Biznesin uğurlu olması hansı meyarlardan asılıdır?

-​ İlk növbədə, qeyd edim ki, 2016-cı il olduqca maraqlı il oldu. Bildiyiniz kimi 2015-ci ilin əvvəlində və sonunda devalvasiya baş verdi. Və növbəti 2016-cı il üçün bank sektorunun proqnozları ürəkaçan deyildi. Amma biz əvvəlki ildə olduğu kimi ötən ili də uğurla və mənfəətlə yekunlaşdırdıq. Səhmdarlar tərəfindən qarşımıza qoyulan hədəfləri artıqlaması ilə vura bildik. Kapital Bank 3 milyona qədər fiziki, 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Böyük müştəri bazası, daim yenilənən məhsul portfeli, ölkə üzrə ən böyük filial şəbəkəsi, filialların və biznes prosesləri transformasiyası ilin sonunda uğurlu rəqəmləri əldə etməyə zəmin yaradır. Biznesin inkişafı, yüksək potensiala malik komandanın mövcudluğu biznesin uğurlu olmasını təmin edir. 2017-ci ilin 3-cü rübünün nəticələrinə görə Bankın aktivləri 3 mlrd. manat, xalis mənfəəti 57,6 mln. manat, nizamnamə kapitalı 185 mln. manat, məcmu kapitalı isə 266,3 mln. manat təşkil edib. Əminəm ki, 2017-ci ili də yüksək nəticələrlə başa vuracağıq.

-​ Ölkədə baş verən devalvasiyalardan sonra beynəlxalq reytinq agentlikləri ölkənin maliyyə sektorunun reytinqlərini aşağı endirməyə başladı. Amma buna baxmayaraq Kapital Bank əvvəlki illərdə olan reytinqini sabit saxlaya bildi.

-​ Ümumiyyətlə, dünyanın istənilən ölkəsində iqtisadi böhran baş verdikdə, reytinqlərdə müəyyən geriləmələr müşahidə olunur. Azərbaycanda da devalvasiyalardan sonra bəzi xoşagəlməz reytinqlər, həmçinin milli valyutanın qeyri-sabit məzənnədə olması bu cür neqativ xəbərlər eşitməyimizə zəmin yaratdı. Bankımızın fəaliyyəti Standard & Poor's və Moody's Investor Service beynəlxalq reytinq agentlikləri tərəfindən qiymətləndirilir. 2017-ci ilin nəticələrinə görə bizim reytinqimiz sabit olaraq saxlanılıb. Təbii ki, neqativ xəbərlərin fonunda beynəlxalq agentliklərindən sabit reytinq almaq olduqca çətin və məsuliyyətli məsələdir. Deməli Kapital Bank ölkənin maliyyə sektorunda lider qurum olaraq özünü təsdiqləyə bilib. Hazırda Kapital Bank-ın kapital adekvatlığı əmsalı nəzarət orqanının tələblərinə tam uyğundur və bankın mövcud kapital buferi gözlənilməz halları qarşılamağa imkan verir. Eyni zamanda, bankın mənfəətli fəaliyyəti də kapital göstəricilərini dəstəkləyir. Bildiyiniz kimi, praktikada kapitalla bağlı risklər və itkilər yerləşdirilmiş aktivlərin, o cümlədən kreditlərin keyfiyyəti ilə birbaşa əlaqəlidir. Bu baxımdan bankımız kredit risklərini minimallaşdırmaq məqsədilə, "müştərini tanı prinsipi"nə xüsusi diqqət yetirir və bütün müraciətlər ətraflı təhlil edilir. Kreditlər verilərkən müştərilərin maliyyə vəziyyəti, öhdəlikləri, fəaliyyəti hərtərəfli təhlil olunur və potensial risklər nəzərə alınmaqla onların ödəniş imkanları daxilində kreditlər təklif olunur. Kredit risklərini minimal hədlərdə saxlamaq üçün iqtisadi şərtlər daxilində müxtəlif seqmentlərin kreditləşmə prosesi mütəmadi nəzərdən keçirilir və təkmilləşdirilir.

Çalışırıq ki, növbəti qiymətləndirmə zamanı reytinqimizin sabit deyil, bir qədər də artırılmasına müvəffəq olaq. Çünki artıq neftin qiymətinin nisbətən sabitləşməsi, ixracatın artması, idxalın geriləməsi və dolların manat qarşısında məzənnəsini sabitləşdirib. İlin əvvəlində 2 manata yaxınlaşan dollar/manat məzənnəsi hazırda 1,70 manat ətrafında sabitləşib.

-​ Son 2 il ərzində Kapital Bank-ı həmçinin beynəlxalq sərgilərdə, konfranslarda görürük. Xarici təşkilatlarla əməkdaşlıq etməyi, beynəlxalq arenaya çıxmağı planlaşdırırsınızmı?

-​ Kapital Bank-ın əsas prioritet inkişaf istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır. Artıq 2 ilə yaxındır ki, bununla bağlı müəyyən addımlar atılıb, müxtəlif beynəlxalq təşkilatlarla, maliyyə institutları ilə əməkdaşlıq edirik. Həmçinin il ərzində maliyyə sərgilərində iştirak edirik. Kapital Bank Amerika Banklar Assosiasiyasının üzvüdür və həmin təşkilatın illik yığıncaqlarında fəal iştirak edərək, bir sıra konfranslarına dəstək də göstəririk. Qeyd edim ki, MDB ölkələri arasında Kapital Bank və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür. Əminəm ki, belə tədbirlərdə iştirak regionun lideri olan Kapital Bank-ı dünya miqyasında tanıdacaq və strateji planlarımıza uyğun olaraq yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsinə öz töhfəsini verəcək.

Xaricdə filial və ya nümayəndəlik açmaq niyyətimiz olmasa da, müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün beynəlxalq əməkdaşlıq və xarici həmkarlarımızın təcrübəsindən bəhrələnmək olduqca önəmlidir.

Bu ilin sentyabr ayında Kapital Bank Swift Gpi beynəlxalq sisteminə qoşulub. Həmçinin ötən ay məşhur Global Finance jurnalı dünyanın ən güvənli və təhlükəsiz ("Safest Bank") banklarını müəyyən edib. O cümlədən Azərbaycandan "Ən Güvənli Bank" olaraq Kapital Bank-ı seçib. Araşdırma 106 ölkənin 1000-dək bankı arasında aparılıb. İlin sonunadək daha bir neçə beynəlxalq tədbirdə iştirak etməyi və əməkdaşlığımızı genişləndirməyə çalışacayıq.