Çexiyada milyarder və onun partiyası parlament seçkilərində qələbə qazanıb


Dünya 22 Okt 2017 19:39:00 253 0

Çexiyada milyarder və onun partiyası parlament seçkilərində qələbə qazanıb

Populist milyarder namizəd Andrej Babis və onun rəhbərlik etdiyi partiya Çex Respublikasında keçirilmiş parlament seçkilərində qələbə qazanıb.

Son.az BBC-yə istinadən bildirir ki, 63 yaşlı Babis ölkənin ikinci zəngin adamı sayılır, seçkiqabağı kampaniyası çərçivəsində onun təbliğ etdiyi ideya və şüarlar ölkə daxilində mövcud hökümət təsisatları əleyhinə olmaqla yanaşı, xarici siyasətdə avroskeptiklər platformasına söykənib.

Andrej Babis-in mərkəzçi ANO hərəkatı səslərin 30 faizini toplayıb, bu rəqəm isə ikinci nəticə göstərmiş rəqib partiyanın topladığı səslərdən təxminən 3 dəfə çoxdur.

Səsvermədə iştirak edənlərin sayı seçicilərin ümumi sayının az qala 61 faizini təşkil edib.

Koalisiya yaradılmasına dair danışıqlar başa çatandan sonra Andrej Babis Çexiyada yeni hökümətə rəhbərlik edə bilər.

Milyarder "hamını danışıqlara dəvət etdiyini" bildirsə də, ifrat sağçılar, Kommunist və Aİ əleyhdarı olan Azadlıq və Birbaşa Demokratiya partiyaları ilə "əməkdaşlıq etməyə" hazır olmadığını vurğulayıb.