"Gülən fındığ"ın həyatverici keyfiyyətləri


Digərləri 21 Okt 2017 21:55:00 321 0

"Gülən fındığ"ın həyatverici keyfiyyətləri

Fıstıq haqqında ilk məlumatlar eramızdan əvvəl VII minillikdə Türkiyədə və Yaxın Şərq ölkələrində verilib. Onu Avropaya romalılar gətirib. O vaxt fıstıq əsasən İran, Suriya, İspaniya və Şimali Amerikada yetişdirilirdi. Keçən əsrin 30-cu illərində Amerikaya aparılandan sonra daha çox şöhrət qazanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fıstıq Şərqin dəyərli bitkilərindən biridir, xüsusilə İranda onu zadəganlıq və tərəqqi simvolu sayırlar. Farslar üçün fıstıq pulu əvəz edirdi.

Qədim zamanlarda fıstıq ağacına "sehrli fındıq" adı verilmişdi. Tam açılmamış qabıqdan görünən çəyirdək gülümsəyən ağıza bənzədiyinə görə onu "gülən fındıq" da adlandırırlar.

Fıstıq ağacı erkək və dişi olur. Çəyirdəkli meyvəsini gecə vaxtı yığırlar, çünki gündüz yığılanda meyvələrin tərkibindəki efir yağları güclü baş ağrısı və sərxoşluq verir. Meyvəsinin içi yaşıl rəngdə olur, gözəl dad və iyə malikdir.

Fıstıq meyvəsi dondurma, tort, konfet və surroqat kofelərin tərkibinə qatılır. Kolbasa istehsalında, ətriyyat sənayesində və tibdə də geniş istifadə olunur.

Qida məhsulu kimi fıstıq yüksək kalorilidir və onun tərkibi bitki yağları, fol və amin turşuları, fosfor, maqnezium, sink və dəmir, həmçinin müxtəlif vitaminlərlə zəngindir.