Brokkolikələmlərin şahı


Digərləri 21 Okt 2017 21:40:00 261 0

Brokkolikələmlərin şahı

Brokkoli kələmlərin şahı hesab edilən tərəvəz bitkisidir. İtalyan dilində "brokko" sözünün tərcüməsi zoğ və budaqcıq deməkdir, bəzən onu italyan qulançarı da adlandırırlar. Vətəni Kiçik Asiya və Şərqi Aralıq dənizi sahilləri hesab edilir. Yunan və romalılar 2 min il bundan əvvəl ondan qida vasitəsi kimi istifadə etsələr də, Avropada XVI əsrdən məşhurlaşmağa başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, XX əsrin 20-ci illərindən etibarən brokkoli Amerika qitəsində tanınıb. İngiltərə, İspaniya və İtaliyada xüsusilə geniş yayılıb. Rusiyada onu az yetişdirirlər, nisbətən geniş yayılmış növü kalabrezidir.

Brokkoli kələmini aterosklerozun profilaktikası, ürək-damar sistemi xəstəlikləri zamanı məsləhət görür, sinir pozulması əleyhinə istifadə etməyi təklif edirlər. O, təhlükəli olan ağır metal duzlarını orqanizmdən xaric edir, radiasiyaya qarşı dözümlülüyü artırır. ABŞ-dakı Con Hopkins Tibb Universitetinin tədqiqatçıları brokkolinin tərkibində sulforafan maddəsi aşkar ediblər. Həmin maddə mədədə xoranın bəzi növlərini yaradan bakteriyaları məhv edir, mədə xərçəngi yaranmasının qarşısını alır. Sulforafan hətta antibiotiklərə xüsusi rezistentlik göstərən bakteriyaları da məhv edir. Hazırda alimlər həmin maddə əsasında orqanizmdə asan mənimsənilən preparat hazırlanması üzərində işləyirlər.

Brokkolinin tərkibində limonda olduğu qədər C vitamini vardır. Tərkibindəki vitamin və mikroelementləri saxlaması üçün təzə brokkolini 5-7, dondurulmuşunu isə 10-12 dəqiqədən çox qaynatmaq məsləhət deyil. Brokkolinin kalori dəyəri 34 kkal-dir.