Nəyə görə dua etmək Allah yanında ən sevimli əməl kimi tanıdılmışdır?


Digərləri 21 Okt 2017 21:20:00 331 0

Nəyə görə dua etmək Allah yanında ən sevimli əməl kimi tanıdılmışdır?

Allah Təala Quranda buyurur: "Əgər mənim Rəbbim (ümumi mərhəmətin və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun tamamlanmasının tələbinə əsasən) sizi (tövhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi". ("Furqan" 77). Ayə buyurur ki, əgər sizin dualarınız olmasaydı, Allah sizə diqqət etməzdi. Bu ayədən belə nəticəyə gəlmək olur ki, insan əgər kəsiril-dua olarsa, Allah tərəfindən diqqətə layiq olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, məsumlardan (ə) gələn hədislərə nəzər salanda görmək olur ki, dua etmək Quran oxumaqdan daha fəzilətli əməl kimi tanıdılmışdır. Dua - insanın hal dilidir. İnsan o zamana qədər ki, ehtiyacı olmaz, dua etməz. Ona görə də duada xüsusi diqqət və hisslər vardır. Halbuki, Quran qiraətində belə hiss və hal həmişə görünmür. İnsan dua edən zaman öz acizliyini və Allahın ehtiyacsızlığını etiraf edər. Bu, insanın bəndə olaraq formalaşmasına əvəzsiz xidmət göstərər. Buna görə də dua etmək Allah yanında ən sevimli əməl kimi tanıdılmışdır. İnsan gərək dualarında ən kiçik hacətlərindən qafil olmasın və deməsin ki, bu kiçik şeydir və onu Allahdan istəmək olmaz. Belə ki, Allah Təala bütün hacətləri yerinə yetirəndir, istər böyük olsun, istərsə də kiçik. Allah Təala Qüdsi hədisdə buyurur: "Ey Musa! Hər nə ehtiyacın varsa, Məndən istə, hətta qoyunlarının otuna və yeməyinin duzuna qədər". Dua insanı şeytanın (lən) bəndindən azad edər, ruzisini artırar, bəlanı dəf edər, xəstəlikdən şəfa tapmasına səbəb olar, düşmənləri dəf edər. Dua insanda ubudiyyət və bəndəlik ruhiyyəsini gücləndirər və şeytana qalib gəlməsinə yardım edər. İnsan gərək xəstəliklərinin müalicəsində maddi dərmanlara diqqət etdiyi qədər, mənəvi dərman olan duaya da xüsusi diqqət göstərsin. Əgər hər ikisi eyni zamanda olarsa, şəfa tapması mütləqdir.