Migren ömür boyu əziyyət çəkəcəyiniz bir xəstəlik deyil


Digərləri 21 Okt 2017 19:40:00 282 0

Migren ömür boyu əziyyət çəkəcəyiniz bir xəstəlik deyil

Ağrılar xroniki və kəskin olmaqla iki hissəyə ayrılır. Xroniki ağrıların ən mürəkkəblərindən biri də miqren ağrısıdır.

Miqrenlə bizə müraciət edənlərin əksəriyyəti 15-20 il dərman müalicəsi almış xəstələrdir. Adətən miqren diaqnozu qoyulan insanlar bütün ömürləri boyu bu xəstəlikdən əziyyət çəkəcəklərini düşünürlər. Lakin bu səhv anlayışdır. Hazırda ardıcıl bir dərman qəbulu ilə müalicə edilə bilməyən xəstələrə sfenopalatin qanglion blokadası tətbiq etməklə ciddi müsbət nəticələr əldə olunur. Onu da qeyd edim ki, bu müalicə üsulu yalnız Mərkəzi Klinikada tətbiq edilir. Adətən xəstələr ilk müdaxilədən sonra razı qalırlar. Bu müdaxilənin köməyi ilə miqrendən əlavə bir sıra digər bu kimi xəstəliklərdə də müsbət nəticələr almaq olur. Sfenopalatin qanglion kəllədəki sempatik inervasiyanı təmin edən mərkəzlərdən biridir və kəllədaxili damarların daralıb-genişləməsini kontrol edir. Bizim tətbiq etdiyimiz blokada və ya radiofrekans ablasyası bu damardakı dəyişiklikləri məhdudlaşdırır.

Sfenopalatin bloku az bilinən müalicə üsuludur və nəinki ölkəmizdə, hətta dünyada bunu tətbiq edən mütəxəssis sayı olduqca azdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Mərkəzi Klinikanın reanimasiya şöbəsinin müdiri, reanimatoloq, alqoloq Vüqar Abdulkərimov bildirib.

-Miqrenin əsas xüsusiyyətləri hansılardır?

-Miqrenin əsas xüsusiyyəti auradır ki, bu da gələcək ağrını əvvəlcədən hiss etmək deməkdir. Aura hər xəstədə fərqli formada özünü büruzə verir. Miqren çox mürəkkəb bir xəstəlikdir. Xəstəliyin daha mürəkkəb forması isə aurasız miqrendir. Xəstəliyin qadınlarda görülmə sıxlığı kişilərə nisbətən üç dəfə çoxdur. Qadınların 20, kişilərin isə 8 faizi bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin xüsusiyyətləri xəstəyə görə dəyişir. Ağrılar zonquldayıcı və ya kəskin olaraq, başın tək tərəfində və əsasən gicgah nahiyəsində meydana çıxır. Lakin tutmalar zamanı bəzən başın hər iki tərəfində də şiddətli ağrılar ola bilər. Ağrı adətən 2-72 saat davam edir. Bəzi xəstələrdə bu ağrılar həftədə bir, bəzilərində isə ildə bir və ya daha az ola bilər. Aura dediyimiz baş ağrısından əvvəl başlayır və ağrının xəbərini verir.

Bununla yanaşı tutmalar zamanı ürəkbulanma, qusma ilə yanaşı görmə, eşitmə və qoxu hissi ilə əlaqəli müxtəlif pozuntular da meydana çıxa bilər. Ən sıx görülən əlamət görmədə parlaq nöqtə və ya xətlərin yaranmasıdır. Bu pozuntular bir neçə dəqiqə və ya bir neçə saat davam edə bilər. Adətən bu problem baş ağrısı başladıqda itir. Aura zamanı əlavə olaraq qulaqda səs, danışmada çətinlik, bədənin bəzi hissələrində uyuşma və hissiyyat orqanları ilə əlaqəli pozuntular müşahidə oluna bilər. Miqren tutmaları zamanı isə yüngüldən başlayaraq çox şiddətli dərəcəyədək yüksələn baş və ya boyun ağrıları olur. Ağrı keçdikdən sonra xəstə özünü halsız və yorğun və ya şən hiss edə bilər ki, bu da insana görə dəyişir. Ağrının sıxlığı fərdə və əmələ gəlmə səbəblərinə görə fərqlənir. Adətən sadə miqrenlər daha çox görülür. Lakin yaş artdıqca tutma sıxlıqları azalır. Miqren tutmaları zamanı ağrı ilə birlikdə görünən əlamətlər qəbizlik və ya ishal, əsəbilik, mədə bulanması və qusma, işığa, səsə, iylərə qarşı həssaslıq, baş dərisinin həssaslaşması, boyun, kürək ağrısı və ya tutulması, əl və ayaqlarda ağrılar və ya sızıldamalar, toxunma hissinin zəyifləməsidir. Lakin onu da deyim ki, aurasız miqrenlərdə görmədə pozuntu və ya qusma olmaya bilər. Bəzi xəstələrdə isə miqren özünü qarında köp, üşümə, əl və ayaqlarda soyuqluq, əsnəmə, ağız quruluğu, bədəndə suyun toplanması, həddindən artıq tərləmə, burun axması, aclıq, şirin yemək istəyi və ya iştahanın azalması, diqqət pozuntuları, fikir dağınıqlığı, düşüncədə yavaşlama, kəlimə tapmada çətinlik, danışıq zamanı ani dayanmalar, durğunluq, donuqluq, bəzən aktivlikdə hədsiz artım, ürək döyüntüsündə tezləşmə və yüksəkdə baş hərlənmə kimi də büruzə verir.

-Bu xəstəlik həyat üçün nə qədər təhlükəlidir?

-Ümumiyyətlə miqren şiddətli baş ağrısı ilə yanaşı həyat keyfiyyətinin də aşağı düşməsinə səbəb olan bir xəstəlikdir. Lakin buna baxmayaraq həyat üçün təhlükəli deyil. Amma ciddi depressiyalara səbəb olaraq insanları intihara qədər götürə bilər. Hər yaşda görülə bilən bu problem adətən özünü 20 yaşlarda büruzə verməyə başlayır. Uşaqlar da miqren xəstəsi ola bilər, lakin bu zaman verilən dərmanlar və onların miqdarına ciddi nəzarət etmək lazımdır.

-Miqrenin yaranma səbəbləri nələrdir?

-Dünya alimləri tərəfindən miqreni yaradan səbəblərin öyrənilməsi ilə yanaşı, xəstəlik aktivləşdiyi zaman bədəndə nələrin baş verdiyini anlamaq üçün də bir sıra tədqiqatlar aparılıb. Bu dəyişikləri əmələ gətirən səbəblərin nə olduğu haqda bəzi fərziyyələr mövcuddur.

Tədqiqatçılar miqrenin beyin qan axımı ilə əlaqəli bir pozuntu olduğu istiqamətində həmfikirdirlər. Az anlaşılan bir çox faktorun bu pozuntu üzərində təsiri olduğu düşünülür. Beyin qan dövranındakı dəyişikliklər miqrenin vacib hissəsini təşkil edir. Bu problemin beyin-qan dövranındakı dəyişikliklə əlaqədar olduğu düşünülür. Belə ki, ağrını yaradan səbəblər olaraq kəllə içərisində damarların genişlənməsi göstərilir. Dünya alimlərinin fikrincə illər boyu başdakı qan damarlarının yığılması və sonra genişlənib şişməsi ağrının əsas səbəbidir.

Son tədqiqatlar isə müəyyən maddələrin və ya hadisələrin beyindəki kimyəvi maddələrin tarazlığını pozmaq sürəti ilə miqreni oyatdığı düşünülür. Bu maddələrin ən vaciblərindən biri serotonindir. Qanda serotonin səviyyəsi miqren vaxtı dalğalanır. Belə ki, qanda serotonin miqdarı baş ağrısından əvvəl çoxalır və ağrı vaxtı azalır.