Osmanlı sultanı Məsud Bərzaninin babalarını niyə edam etdi?


Digərləri 21 Okt 2017 19:25:00 328 0

Osmanlı sultanı Məsud Bərzaninin babalarını niyə edam etdi?

Türkiyə arxivlərində hazırda İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin nəsli haqda bir-birindən təzadlı çox maraqlı məlumatlar var.

Son.az strateq.az-a istinadən bildirir ki, Bərzani əşirətinin son 300 ildə nələr etdiyi haqda türk araşdırmaçısı Murad Bardakçı arxiv materialları əsasında araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik:

****

Türkiyə arxivlərində Bərzan əşirəti haqda yüzlərə sənəd var. Bu sənədlərin, demək olar ki, hamısında 19-cu əsrdən bu günə qədər bərzanilərin dövlətə qarşı heç də xoş olmayan üsyanlarından bəhs edilir.

Adını son illər daha çox eşitdiyimiz Məsud Bərzaninin ailəsi haqqında sənədlər Osmanlı haqda arxivlərdə hamıya açıqdır.

Kimdir bərzanilər?

Bərzanilər Bərzan əşirətinin təmsilçiləri kimi 1800-cü illərin əvvəlindən başlayaraq dövlətə baş qaldırmaqla bölgə tarixinə düşüblər. Bu əşirətin liderləri, adətən, Osmanlı İmperatorluğu, Rusiya və İran arasında manevr etmək, xarici diplomatlarla gizli təmaslar, digər əşirət və hərbi birliklərlə tez-tez savaşa girmək, həmçinin həbs, basqın və s. kimi qarışıq və xoşagəlməz hadisələrlə tarixə həkk olunublar.

O zamanlar "müstəqillik" ifadəsi bölgədə dəb olmadığından arxiv sənədlərində Bərzan əşirətinin ancaq və ancaq Osmanlıya - türklərə qarşı illərlə həyata keçirdiyi üsyanlar haqda çox diqqətçəkən faktlar var. Məsələn, 1914-cü ilin noyabr ayında bərzanilərin niyə edam edilməsi haqda maraqlı məlumatlar.

Güclənən əşirətdə bir-birini əvəzləyən bərzanilər...

Qısa olaraq 1914-cü ilin noyabrında Osmanlı sultanın əmri ilə icra edilən əşirət iderinin edam tarixçəsinə nəzər salaq.

1900-cü illərdə Bərzan əşirətinin başına Şeyx Əbdüssalam geçib. Əbdüssalamın babası Şeyx Məhəmməd dövlətə qarşı baş qaldırdığı üçün Osmanlı şahı Sultan Əbdülhəmidin əmri ilə bugünkü Şimali İraqda yaşadığı ərazidə həbs edilib. O, Türkiyənin Bitlis şəhərinə sürgün olunub. Sürgün həyatı bitdikdən sonra əşirətə dönsə də, qısa müddət sonra vəfat edib.

Şeyx Məhəmmədin Əbdüssalam, Əhməd, Babo, Məhəmməd Siddiq və Mustafa adlarında beş oğlu olub.

Əbdüssalam əşirət lideri seçiləndən sonra Bərzan əşirətinin gücü bölgədə sürətlə böyüyüb. Bərzanilər daha çox silahlanmaya gedərək bölgəyə ciddi ağırlıq qoyublar. Və daha sonra isə Osmanlı dövlətinə yenidən başağırısı yaratmağa başlayıblar. O zamandan başlayan güc toparlama bugünkü Bərzanî ailəsinin də önə çıxmasında müstəsna rol oynayıb.

Əbdüssalam Bərzani (soldan ikinci)

Rəsmi dil tələbi

Əbdüssalam əşirət lideri olduqdan sonra sələflərindən fərqli olaraq, siyasi müstəvidə fəaliyyət göstərən kürd cəmiyyətləri və partiyaları ilə təmas qurub. O, 1907-ci ildə kürd dilinin bölgədə rəsmi dil kimi qəbul edilməsi, vəzifələrə ancaq kürd dilini bilənlərin təyin olunması, məhkəmə qərarlarının şəriət hökmləri əsasında verilməsi, həmçinin bölgədən toplanan vergilərin ancaq bölgəyə xərclənməsi kimi tələblər irəi sürüb. Bununla kifayətlənməyən Bərzan əşirətinin yeni lideri silahlı basqın və digər əməlləri ilə Osmanlı dövlətinə qarşı problemlər yaratmağa başlayıb. Vəziyyəti belə görən dövlət bölgəyə Dağıstanlı Mehmed Paşanın komandanlığı ilə hərbi birlik göndərib.

Osmanlının hərbi birlik göndərməyindən qorxuya düşən Əbdüssalam sahib olduğu əşirət və torpaqları buraxaraq bölgədən qaçıb. Bərzan əşirətinin nəzarət etdiyi torpaqlara girən Dağıstanlı Mehmed Paşa və əsgərləri Əbdüssalamın ailəsi və qardaşı Mustafanı da həbs edərək Mosula aparıblar. Həmin vaxt üç yaşında olan Mustafa sonraki illərdə "Molla Mustafa Bərzani" kimi tanınıb...

Molla Mustafa Barzani

Xarici "emissarlar"larla gizi təmaslar...

Dağıstanlı Mehmed Paşanın bölgədəki əməliyyatından düz bir il sonra Əbdüssalam Bərzan əşirətinə geri dönüb. Onun dönüşü ilə bölgədə yenidən gərginlik, silahlı döyüşlər başlanıb. Nəhayət, bölgədə sabitliyi uzun müddətli qorumaq üçün Osmanlı hökuməti əşirətlə danışıqlar apararaq keçmişdə baş verənləri unudub, daimi sülhü bərqərar etməyə çalışıb.

Sultan Rəşad

Hətta sülhün daimi olması, əşirətə dövlətin hər hansı bir düşmənliyinin olmamasını göstərmək üçün 17 avqust 1913-cü ildə Sultan Rəşad sonradan "Tələt Paşa" kimi tanınacaq daxili işlər naziri Tələt bəylə Səid Həlim Paşanın istəyi ilə Əbdüssalam Bərzanini "Dördüncü rütbə Osmanlı Nişanı"yla mükafatlandırıb. Amma padşah tərəfindən Əbdüssalama medal verilməsi də bölgədəki gərginliyi yumşaltmayıb. Əksinə, bir az da dərinləşdirib.