Zeynəb məktəbindən dərslər


Digərləri 21 Okt 2017 19:20:00 531 0

Zeynəb məktəbindən dərslər

İMANIN ƏZƏMƏTİ

Xanım Zeynəb (s) İbni Ziyadla rəftarında göstərdi ki, mö`min insan, əsir olmasına baxmayaraq heç vaxt güclü və qüdrətli düşmənin qarşısında başını zillətlə aşağı salmayacaq. Zeynəbin İbni Ziyadın qüdrəti qarşısında yenilməzliyi, əzəməti və iftixarı, onun Allaha olan imanından və xatircəmliyindən qaynaqlanırdı. O, İmam Hüseyn (ə) kimi xatircəm bir duruma malik idi. Bütün bu xatircəmlik və qorxmazlığı qəlbində İlahi təfəkkürü diri saxlamaqla əldə etmişdi. Allahı düşünüb Onu yad edən insan heç vaxt sərgərdan qalmaz və məğlub olmaz. Necə ki, İmam Hüseyn (ə) heç bir tərəddüd etmədən Yezidə bey`ət zillətini qəbul etmədi, qəlbləri ələ alıb qələbə çaldı, mö`minlərin, Allah dostlarının ürəklərinə malik oldu və Aşura, imanlı qəlblər üçün ən böyük cazibə oldu. İmam Hüseyn (ə) yolunu davam etdirən və onun məktəbinin şagirdi olan Zeynəb (s), öz sözləri ilə qanlı Kərbəla hərəkatının izzət və əzəmətini artırdı.

GÖZƏL BAXIŞ

Son.az deyerler.org-a istinadən bildirir ki, Xanım Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini gözəl görməsi, onun belə çətinliklərə İlahi baxışıdır. Necə ki, gördük, Zeynəb (s) İbni Ziyadın, "Allahın Əhli-beytlə rəftarını necə gördün" sualının cavabında buyurdu: "Ma rəəytu illa cəmilə" - "Allah yolunda gördüyümüz çətinliklər, müsibət və müşküllər, mənim üçün gözəllikdən başqa bir şey deyildi". Əcəba! Əliəkbərin, Qasimin, Əbbasın, südəmər uşağın şəhadəti və Seyyidüş-şühədanın (ə) şəhadəti gözəl idimi?! Xeymələrin yandırılması və qarət olunması, uşaqların pərişan və sərgərdan olmaları və Allah Rəsulunun övladlarına üz verən müsibətlər gözəl idimi?! Peyğəmbər Əhli-beytinin əsir olub küçə və bazarlarda naməhrəmlərin gözü qarşısında gəzdirilməsi gözəldirmi?! Bu gözəl baxış necə təfsir olub açıqlanacaq? Həzrət Zeynəb (s) özünü haqqın bəndəsi hesab edib İlahi vəzifəni yerinə yetirməyi özünə şərəf bilir. Vəzifəyə əməl yolunda İmam Hüseyn (ə) kimi kamil insanın və onun səhabələri kimi fədakar dostların şəhadəti, Əhli-beytin əsarəti, əziyyəti və müsibətləri hamısı xoşdur, şirin və gözəldir. Bu mö`min insanların dünyagörüşüdür ki, Allah tərəfindən onlara nə çatsa, hamısını xeyirli və gözəl görərlər. Çünki, Allah, öz bəndələri üçün xeyirdən başqa bir şey istəmir. Bu varlıq aləminin bütün mövcudlarına İlahi və gözəl baxışdır.

Mən bütün şəhərdə öz eşqimlə məşhuram, Mən gözümü pis görməyə aludə etməmişəm. Vəfa yolunda əziyyət çəksək də şadıq. Çünki, bizim təriqətdə incimək kafirlikdir.

Bəli, belə bir dünyagörüşü və belə bir inam zillət və acizliyə yönəlməyərək düşməni dizi üstə çökdürər! Allahın, Onun Rəsulunun və mələklərin salam və rəhməti olsun Zeynəbi-Kubraya ki, bizə Allah yolunun çətinliklərni necə görmək dərsini öyrətdi, səbr və dözüm dərsində müəllimimiz oldu!

İMAMI XİLAS ETMƏK

İbni Ziyad Zeynəbin şücaətli və tə`sirli cavablarına mat qaldıqdan sonra İmam Səccada (ə) baxıb dedi: "Kimsən?" İmam buyurdu: "Əli ibni Hüseyn". "Bəs Allah Əli ibni Hüseyni öldürmədi?" - İmam sakit qaldı. "Niyə danışmırsan?" - "Əli adlı bir qardaşım var idi, camaat onu öldürdü". "Yox, onu Allah öldürdü" - deyə məlun ibn Ziyad zatını göstərməkdə davam etdi. İmam cavabında bu ayəni oxudu: "Əllahu yətəvəffəl ənfusə hiynə movtiha" - "Allah canları ölüm vaxtı bütünlüklə alır". İbni Ziyad əsəbləşdi və dedi: "Hələ də mənimlə belə danışmağa cür`ətin var? Onu aparın və boynunu vurun". Bu vaxt Zeynəb İmamdan yapışıb buyurdu: "Ey Ziyadın oğlu! Bu qədər qanımızı tökdün bəsdir!". O, İmamı qucaqlayıb dedi: "Ondan ayrılmaram. Əgər onu öldürsən məni də onunla öldür!". İbni Ziyad bir neçə an onların ikisinə baxıb dedi: "Əcəbən lirrəhmi!" - "Qohumluq qəribə şeydir!" Allaha and olsun, bu qadın istəyir öz qardaşı oğlu ilə öldürülsün. Onu buraxın. Zənnimcə bu xəstəlik onu (İmam Zeynəlabidini (ə)) ayaqdan salar". Bu yolla Zeynəb başqa bir dəfə öz himayə və canfəşanlığı ilə İmamını qoruyub, onu İbni Ziyadın cəlladlarının əlindən xilas etdi, bununla da İmamət və Vilayəti qorumaq dərsini hamıya öyrətdi.

ŞAMA DOĞRU

Əsirlər karvanı İbni Ziyadın zindanında çətin günlər keçirdikdən sonra Şama göndərildi. Şam müsəlmanların əlinə keçən gündən Xalid ibni Vəlid və Müaviyə ibni Əbu Süfyan kimi hakimlər görmüşdü. Bu diyarın camaatı nə Peyğəmbərin söhbətlərini eşitmişdilər, nə də onun səhabələrinin iş üsulunu bilirdilər. Peyğəmbərin səhabələrindən bu diyara köçüb burada yaşayanlar da pərakəndə olduqlarından nüfuzları yox idi. Nəticədə, Şam camaatı lənətlik Müaviyənin və onun ətrafındakılarının rəftarını müsəlmanlıq qaydaları bilirdilər. Belə bir şəhərin camaatı əsir karvanının gəlişi vaxtı bayram və şadlığa qərq olmuşdular. Yezid öz sarayında bir məclis təşkil etmişdi. Hazırlanmış adamlar məclisin ətrafında oturmuşdular ki, öz gümanları ilə Yezidin böyük qələbəsini bayram etsinlər.

LƏNƏTLİK YEZİDİN QARŞISINDA

Seyyidüş-şühədanın (ə) mübarək başını lənətlik Yezidin qarşısına qoydular. Bu vaxt Əhli-beyt əsirlərini məclisə daxil etdilər. Seyyidüş-şühədanın (ə) qızının gözləri İmamın kəsilmiş başına düşdü. O, ucadan elə nalə etdi ki, bütün məclisə vəlvələ düşdü. Amma Zeynəb qardaşının başını gördükdə həzin və dərdli bir səslə ürəkləri qəmləndirdi, növhə oxumağa başladı: "Ya Huseyna, ya Həbibəllah, yəbnə Məkkətə və Mina, yəbnə Fatimətəz-Zəhra səyyidəti nisai, yəbnə bintəl Müstəfa" - "Ey Hüseyn! Ey Allahın istəklisi! Ey Məkkə və Mina övladı, ey bütün qadınların sərvəri olan Fatimeyi Zəhranın oğlu! Ey Peyğəmbər qızının oğlu." Ravi deyir: "Allaha and olsun, məclisdəkilərin hamısını ağlatdı. Öz mənsəbpərəstliyi ilə məst və məğrur olan şərabxor Yezid sakit oturub əlindəki əsa ilə İmamın müqəddəs dişinə cürət edir və deyirdi: "Kaş mənim Bədr döyüşündə iştirak edən və Xəzrəc qəbiləsinin, oxların vurduğu ziyandan əziyyət çəkdiyinin şahidi olan böyüklərim bu gün məclisdə şadlıqlarından qışqırıb deyəydilər: Yorulmayasan, ey Yezid! Onların böyüklərini, rəhbərlərini öldürdük və Bədr gününün əvəzini çıxdıq. Haşim qəbiləsi səltənətlə oynadılar. Nə göydən bir xəbər gəlib, nə də vəhy nazil olub. Əhmədin acığını balalarından çıxmasam, Xəndəf qəbiləsindən deyiləm. Bu evlərdə Peyğəmbərdən, din və Qur`andan heç bir xəbər yoxdur. Gördüklərimiz cahillik dövrünün qisas xatirələrinin təzələnməsidir. Qanı qanla yuduq".

ƏBƏDİYYƏT DANIŞIĞI

Əgər məclis həmin yerdə sona yetsəydi Yezid qalib gələr, ya da onun əmri ilə edilən işlər o qədər də çirkin görünməzdi. Amma Zeynəb işin bu şəkildə sona çatmasına imkan vermədi. Yezidin şadlıq saydıqlarını onun ağzında zəhərdən də acı etdi. Məclisdəkilərə göstərdi ki, qarşılarında dayananlar o adamın qızlarıdır ki, Yezid onun adı ilə Şam camaatına xəlifəlik edir. Onlara anlatdı ki, İslam hökumət olmamışdan qabaq dindir. Hakimdən üzü aşağı ən kiçik vəzifəli adama qədər, Allah qarşı