"D8 Azərbaycanla güclənmək istəyir"


Siyasət 21 Okt 2017 13:27:00 282 0

"D8 Azərbaycanla güclənmək istəyir"

Azərbaycanın "D-8"ə dəvət alması onun dünyadakı nüfuz və rolunun artmasının göstəricisidir.

"Azərbaycan prezidentinin İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə görüşünə dəvət olunması müsbət haldır və ölkəmizin beynəlxalq aləmdə nüfuz və rolunun artmasının göstəricisidir. Düşünürəm ki, ərəb inqilabları ilə əlaqədar regionda yaranmış şəraitdən sonra Azərbaycanın D-8-ə üzv olması da mümkündür. Orada buna qarşı çıxa biləcək dövlət də yoxdur. Ən azından Azərbaycanın D-8-ə üzvlük məsələsi yaxın gələcəkdə müzakirə mövzusuna çevriləcək".  

Bunu Son.az-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirakını dəyərləndirərkən deyib.

Politoloqun sözlərinə görə, D-8-in yaranması ötən əsrin 90-cı illərinin sonlarında Qərbin aydın şəkildə İslam dünyasına qarşı fərqli möve nümayiş etdirməsi, təzyiq siyasəti yürütməsi ilə bağlıdır: "SSRİ-nin dağılmasından sonra Qərbə yeni düşmən obrazının yaradılması lazım idi. Bunun üçün də əsasən, İslam ölkələri seçildi. Ona görə də Qərbin təzyiqlərini neytrallaşdırmaq və inkişaf etmək məqsədilə vaxtilə Türkiyənin Baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə D-8 yaradıldı. Lakin sonralar D-8in işi o qədər də uğurlu alınmadı. Üstündən təxminən 20 il sonra yenə də Qərbin İslam dünyasına qarşı mənfi münasibətlərini aradan qaldırmaq zərurəti yaranıb".

Prezident İlham Əliyev İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirak edib - FOTO  

Mərkəzin rəhbərinin fikrincə, hazırda D-8 daha da güclənmək üçün Azərbaycanı da sıralarına cəlb etmək istəyir: "Artıq bir müddətdir ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə İslam və Qərb dünyası arasında yaxınlaşma kursu yeridilir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan demək olar ki, bir körpüyə, vasitəçiyə çevrilib. Bu ərədəfə də D-8 fəallaşıb. Bu birliyin da məqsədi Qərbin neqativ münasibəti fonunda İslam ölkələrini inkişaf etdirməkdir. Prezident İlham Əliyevin isə məqsədi müsəlman dövləti olan Azərbaycana təzyiqlər fonunda ölkəmizi inkişaf etdirməkdir. Dövlət başçımız artıq demək olar ki, istəyinə nail olub. Ona görə də məqsədyönlü şəkildə uğur əldə etmiş dövlətin D-8-ə qoşulması bu təşkilatı ən azından siyasi bacarıq və təcrübə baxımından hədsiz gücləndirəcək. Görünür, Türkiyənin dövlət başçısı da hiss edir ki, D-8 güclənməlidir və ona görə də Azərbaycanı ora cəlb etmək istəyir. Qeyd edim ki, Azərbaycanın D-8-ə üzv olması təklifi mütləq bu təşkilatın öz içindən gəlməli idi. İndi Ərdoğan da belə bir təşəbbüslə çıxış edir".

Prezident İlham Əliyev: "Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz"

Xatırladaq edək ki, bu qurumun yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülüb. 1997-ci il iyunun 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşündə D-8 rəsmi olaraq təsis edilib.

D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya "Böyük iyirmilər"in (G-20) üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir.

Doqquzuncu Zirvə görüşü ilə D-8 təşkilatının fəaliyyətinin 20 illik dövrü əhatə edən birinci mərhələsinə yekun vurulub, yeni mərhələ üçün hədəflər və fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib.

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində