Lənkəran şəhərində erkən nikahlar və onun zərərləri barədə ictimai müzakirə keçirilib


Sosial 21 Okt 2017 10:35:04 329 0

Lənkəran şəhərində erkən nikahlar və onun zərərləri barədə ictimai müzakirə keçirilib

İcra başçısı ictimai müzakirəni yekunlaşdıraraq toplantı iştirakçılarını məsələ ilə bağlı fəal olmağa çağırıb

Lənkəran şəhərində erkən nikahlar və onun zərərləri barədə ictimai müzakirə keçirilib.

“Report”un Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının təşkilati dəstəyi ilə keçirilən müzakirədə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət şöbələrinin işçiləri, məktəb direktorları, psixoloqlar, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, din xadimləri, ağsaqqallar, fəal tələbə və gənclərlər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbir erkən nikahlar və onların fəsadları barədə video-çarxın nümayişi ilə başlayıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbiri giriş sözü ilə açaraq erkən nikah məsələsini cəmiyyəti narahat edən problem kimi dəyərləndirib.

O, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu qeyd etməklə bu məsələyə qarşı rayon ziyalıları, ictimaiyyət nümayəndələri, məktəb müəllimləri, ictimai fəal gənclər və aidiyyatı yerli dövlət orqanlarının nümayəndələri geniş cəlb olunmaqla mübarizənin aparılmasının, eyni zamanda təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini qeyd edib. İcra başçısı erkən nikahların yaratdığı hüquqi məsuliyyəti gənclərə və valideynlərə ətraflı izah etməkdən ötrü hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə yerlərdə məlumatlandırıcı söhbətlərin aparılmasının da zəruriliyini diqqətə çatdırıb.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində erkən nikahların ailələrə xoşbəxtlik gətirmədiyini, əksinə yeni ailənin möhkəmlənmədən dağılmasına, qız uşaqlarının təhsildən kənarda qalmasına şərait yaratdığını diqqətə çatdırıb və ictimaiyyətin birgə səyi ilə buna qarşı mübarizə aparılmasını təklif edib.

Məruzə ətrafında Lənkəran rayon prokuroru Elçin Məmmədov, Rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzinin doğum şöbəsinin müdiri Yeganə Nəhmətova, rayon ziyalısı, şəhər 4 saylı məktəb-liseyin müəllimi Sədaqət Talıbova, rayon ziyalısı, şəhər 8 saylı tam orta məktəbin direktoru Aslan İbrahimov, Lənkəran Dövlət Universitetinin ikinci kurs tələbəsi Rüqəyya Muradlı çıxış edib erkən nikahlara səbəb olan amilləri sadalayaraq ictimaiyyəti bununla mübarizəyə səsləyiblər.

İcra başçısı ictimai müzakirəni yekunlaşdıraraq toplantı iştirakçılarını məsələ ilə bağlı fəal olmağa çağırıb.