"Futbol+" qəzetinin yaranmasından 20 il ötür


Sosial 21 Okt 2017 09:00:55 285 0

"Futbol+" qəzetinin yaranmasından 20 il ötür

Bu, müstəqil Azərbaycanın ən uzunömürlü nəşrlərindən biridir

Müstəqil Azərbaycanın ən uzunömürlü nəşrlərindən biri və idman mətbuatının lideri "Futbol+" qəzetinin yaranmasından 20 il ötür.

"Report" xəbər verir ki, qəzetin ilk sayı 1997-ci ilin bu günündə işıq üzü görüb.

Baş redaktor Mahir Rüstəmlinin sözlərinə görə, "Futbol+" onun üçün həm özünüifadə vasitəsi, həm yaradıcılıq emalatxanası, həm də təbii ki, iş yeridir. O, yubiley təəssüratlarını da bölüşüb: "Futbol+"in indiyə qədər yaşamasında böyük fədakarlıq göstərən hər kəsə - başda qəzetin sahibi Vüqar Məmmədov olmaqla - dərindən təşəkkür edir, bütün keçmiş və indiki iş yoldaşlarıma xoş arzularımı çatdırıram. Heç şübhəsiz, qəzet kollektiv əməyin məhsuludur. Mən hər nə qədər kollektivə yeni ideyalar versəm də, planlaşdırmada istiqamətləri müəyyənləşdirsəm də, konkret icraçılar, istənilən hava şəraitində iş başında olan həmkarlarım var. Bu yubiley günündə onların hər birini bağrıma basır, daimi xoşbəxtlik arzulayıram".

M.Rüstəmli gələcək planlardan da danışıb: "Qəzetin çap və elektron versiyaları arasında optimal variantı tapmalı, "Futbol+"i ayaqda saxlamağın yollarını düşünməliyik. Obyektiv çətinliklərlə yanaşı, təəssüf ki, qəzet bazarındakı duruma təsir göstərən subyektiv amillər də var. Bunlardan təkcə birini deyəcəyəm: Təsəvvür edin ki, qəzetin çox populyar olan bazar ertəsi sayını Bakının 25-30 kilometrliyində yerləşən Sumqayıtdakı oxuculara çatdıra bilmirik, daim narazılıq eşidirik. Əslində qəzet daha da böyüməli, başqa qolları da olan holdinqə çevrilməlidir. Mənə bütün bunları bacara biləcəyimizi demək çətindir".

Baş redaktor yubileylə bağlı bir neçə tədbirin nəzərdə tutulduğunu da əlavə edib.