Azərenerji"də energetiklərin peşə baramı münasibətilə tədbir keçirilib


İqtisadiyyat 20 Okt 2017 21:09:58 310 0

Azərenerji"də energetiklərin peşə baramı münasibətilə tədbir keçirilib

Tədbirdə həmçinin enerji sisteminin fəaliyyətindən bəhs edən “Strateji hədəflərə doğru” sənədli filmi nümayiş olunub

"Azərenerji" ASC-də energetiklərin peşə baramı münasibətilə tədbir keçirilib. 

"Report" xəbər verir ki, tədbiri “Azərenerji"nin prezidenti Etibar Pirverdiyev açaraq Azərbaycanda elektrik energetikasının inkişaf mərhələlərindən söz açaraq, respublikamızın müstəqil enerji sisteminin formalaşdırılması üçün ulu öndər Heydər Əliyevin müstəsna xidmətlər göstərdiyini vurğulayıb. Hələ sovet hakimiyyəti dövründə Ümummilli Liderin həyata keçirdiyi uzaqgörən siyasəti sayəsində Azərbaycanın enerji sistemi tam müstəqil fəaliyyət göstərmək imkanı qazanıb. Enerji sisteminin ən böyük istehsal müəssisəsi kimi bu gün də müstəqil dövlətimizin enerji təhlükəsizliyinə öz töhfəsini verən “Azərbaycan” İstilik Elektrik Stansiyası məhz həmin dövrdə inşa edilib. Bununla yanaşı, iri hidroenergetika müəssisələri istismara verilib, çoxşaxəli enerjiötürücü infrastruktur yaradılıb. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonrakı quruculuq dövründə ümummilli lider Heydər Əliyev tərəfindən ölkənin sosial-iqtisadi inkişafında mühüm rolu olan elektrik energetikası sahəsinin təşəkkülü, yeni generasiya güclərinin işə salınması üçün mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib.

E.Pirverdiyev vurğulayıb ki, enerji sisteminin müasir və innovativ texnologiyaların tətbiqi ilə əlamətdar olan, sürətli iqtisadi yüksəlişin tələbatını ödəməyə istiqamətlənmiş yeni inkişaf mərhələsi Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanılıb və hazırda uğurla davam etdirilir.

“Azərenerji” ASC-nin rəhbəri qeyd edib ki, son illərdə Azərbaycanda elektrik energetikası sahəsində böyük potensial yaradılıb, ümumi gücü 2300 MVt-dan artıq olan yeni elektrik stansiyaları, həmçinin bir neçə yarımstansiya və elektrik verilişi xətləri istismara verilib. Enerji sisteminin tranzit imkanlarının genişləndirilməsi nəticəsində 2017-ci ildə ölkəmiz elektrik enerjisi ixracatında çox yüksək göstəricilərə nail olub.

Enerji sisteminin generasiya və ötürmə imkanlarının genişləndirilməsi davamlı prosesdir. Məhz Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə elektrik enerjisi sektorunun strateji və prioritet hədəfləri dəqiqləşdirilib, investisiya tələbatlı tədbirlər müəyyənləşdirilib. “Azərenerji” ASC-nin də Tədbirlər Planının icrası ilə bağlı üzərinə düşən vəzifə və öhdəlikləri vaxtında yerinə yetirmək üçün konkret fəaliyyət mexanizmi yaradılıb, bunun əsasında zəruri işlər aparılır.

E.Pirverdiyev elektrik energetikası sahəsində həyata keçirilən mütərəqqi dövlət siyasəti sayəsində enerji sisteminin bundan sonra da sosial-iqtisadi inkişafdakı əvəzedilməz yeri və rolunun layiqincə davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Tədbirdə həmçinin enerji sisteminin fəaliyyətindən bəhs edən “Strateji hədəflərə doğru” sənədli filmi nümayiş olunub.