Mağazalara qənim kəsilən dəstə üzvləri saxlanıldı FOTO


Digərləri 20 Okt 2017 17:50:00 278 0

Mağazalara qənim kəsilən dəstə üzvləri saxlanıldı  FOTO

Siyəzən və Tovuz rayonlarında mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, sentyabrın 21-də naməlum şəxslər Siyəzən rayonunda İsgəndər İsgəndərova məxsus mağazanın şüşəsini sındıraraq obyektə daxil olub, oradan pul, tütün məmulatları və digər əşyalar oğurlamaqla zərərçəkənə ümumilikdə 2400 manat ziyan vurublar.

Siyəzən Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Emin Muradov, Tovuz rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Eşqin Ələkbərov və Elşən Novruzov tutularaq istintaqa cəlb olunublar. Saxlanılan zaman onlara məxsus idman çantasından cinayətdə istifadə etdikləri maskalar, metal linglər və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb.

Araşdırma zamanı dəstə üzvlərinin törətdikləri başqa cinayətlərinin də üstü açılıb. Belə ki, onlar ifadələrində Tovuz rayonunda da 2 mağazadan oğurluq etdiklərini də etiraf ediblər.


Xəbərə aid fotolar