Bakıda kafedə cinayət törətməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı yenilənib


Sosial 20 Okt 2017 17:08:45 259 0

Bakıda kafedə cinayət törətməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı yenilənib

Məhkəmədə ötən iclaslarda ifadə verən şəxslər yenidən dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə istintaqının yeniləndiyi elan edilib.

Məhkəmədə ötən iclaslarda ifadə verən şəxslər yenidən dindirilib.  

Şahid qismində dindirilən Rahil Məlikov bildirib ki, mərhum Telman Məmmədovla gecə klubuna birlikdə gedib.

Məhkəmədə mərhum T.Məmmədovun atası Oktay Məmmədov şahiddən soruşub ki, oğlunun əynində olan paltarların dəyişdirilməsinin səbəbi nə olub.

R.Məlikov isə qeyd edib ki, T.Məmmədovun paltarları yaş olduğu üçün əynindən çıxarıb: "Telmanın burnundan qan gələndə tualetdə əl-üzünü yuduq. Bu zaman paltarları yaş oldu. Mən də onun pencəyini çıxardım və öz gödəkçəmi geyindirdim. Daha sonra onunla birgə nənəmgilə gətirdim".

O.Məmmədov deyib ki, oğlu T.Məmmədovun paltarlarının çıxarılmasında məqsəd izi itirmək olub.

Məhkəmədə məlum olub ki, gecə klubundakı davadan sonra T.Məmmədovun bəzi paltarları yoxa çıxıb. Onun ayaqqabısının bir tayı, gödəkçəsi və əynində olan köynəyi istintaq orqanı tərəfindən müəyyən edilməyib.

R.Məlikov dostu T.Məmmədovu taksiyə mindirən zaman əynində paltarlarının olduğunu söyləyib: "Telmanın sadəcə köynəyini dəyişmişdim".

R.Məlikov bildirib ki, təqsirləndirilən F.Musayev dostu T.Məmmədova bir zərbə vurub və o, arxası üstə yerə yıxılıb.

Prosesdə R.Məlikovun nənəsi Rəna Qafarova da ifadə verib. O qeyd edib ki, nəvəsi ilə T.Məmmədov gecə saatlarında onlara gəlib: "Rahil Telmanın yumruqla vurulduğunu dedi. Onu yatağa uzatdıq, üstünü örtük. Onun halı yaxşı deyildi. Səhər Telmanın keçindiyini gördük".

Hakim bildirib ki, T.Məmmədovun aldığı xəsarətlər və zərərçəkmiş tərəfin şübhəli qaldığı məqamları araşdırmaq üçün ekspert növbəti məhkəmə iclasına dəvət ediləcək.

Məhkəmənin növbəti prosesi oktyabrın 27-nə təyin edilib.

Xatırladaq ki, prokuror çıxışında F.Musayevin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.