"Spartak" - "Harlem" oyunundakı faciədən 35 il ötür


İdman 20 Okt 2017 15:30:00 335 0

"Spartak" - "Harlem" oyunundakı faciədən 35 il ötür

1982-ci il 20 oktyabr. Bu tarix Moskva "Spartak"ı üçün kədərli günlərdən biridir. Goal.az xəbər verir ki, UEFA Kubokunda baş tutan "Spartak" - "Harlem" oyunu zamanı "Lujniki" stadionunda yaşanan azarkeş izdihamı 67 nəfərin ölümünə səbəb olmuşdu. "Qırmızı ağlar"ın məşhur azarkeşlərindən olan Amir Huslutdinov həmin vaxt 17 yaşında idi. "Professor" ləqəbi ilə tanınan Amir faciə ilə bağlı xatirələrini bölüşür.

"Qərb (A), şimal (B) və şərq (C) tribunasına bilet satılırdı. Mənim qismətimə B tribunası düşmüşdü. Rəqib məşhur olmadığına və hava qəfildən pisləşdiyinə görə azarkeşləri A və C tribunasında yerləşdirmək qərara alındı. Qarın bir hissəsini yığdılar. Amma pilləkənlərdə buzlaşma getmişdi. Oyunun ilk 10-15 dəqiqəsində milislər bizi sıxırdı. Ayaq altında yumşaq qar vardı. Tezliklə təhlükəsizlik qüvvələrinə doğru atılan qar topları onların papaqlarını yerə saldı. Bundan sonra milislər fanatlara qarşı qəddarlığa başladı. Nə yerimizdən durmağa, nə qışqırmağa, ümumiyyətlə emosiyaları göstərməyə imkan vermirdilər.

Köhnə "Lujniki"də 2 çıxış vardı. Yuxarı tərəfə gedən 4 pilləkənin 3-ü bağlı idi. Yalnız D tribunasına yaxın olan çıxış nisbətən açıqdı. Təhlükəsizlik əməkdaşları hövsələdən çıxıb azarkeşləri həmin çıxışa doğru itələməyə başladı. İzdihamda bir nəfər yıxıldı, sonra ona ilişən başqa biri də özünü saxlaya bilmədi. Kütlə isə zəifləri tapdalayaraq hərəkəti davam etdirirdi. Özünüqoruma instikti bəzən vicdan və mərhəmət hissini qovur. Hər tərəfdən insanlar huşunu itirir və yıxılırdı. Təlaş başladı, vəziyyəti heç kim nəzarət altına ala bilmirdi. Xoşbəxtlikdən və ya bədbəxtlikdən həmin vaxt mən milisdən qaça bildim. Soyuq olsa da, çox qalın geyinməmişdim. Əynimdə sviter, papaqsız gödəkcə vardı. Fəal hərəkət kütlədən kənarda çıxdım və əlimdəki bayrağı yelləməyə başladım. Bu isə, təhlükəsizlik əməkdaşlarının xoşuna gəlmədi. Stadion boyu məni qovdular. Digər azarkeşlərə qarışdım və məni tapa bilmədilər. Düzdür, bu baxımdan dostlarımın bəxti az gətirdi. Onlara girişdə şarf paylamışdım. Oyundan sonra Vitalik gəldi. Tapdaq altında qalmışdı, qan içində idi. O gecə bütün həyatıma təsir göstərdi. İzdihamda ilk sevgim Vika da həlak olmuşdu. Bu barədə səhəri gün xəbər tutdum. Yaşanan faciədən sonra bir çox insanlar stadiona getməyi dayandırdı.

Sonralar bu barədə yeni versiya ortaya atıldı. Guya stadionu tərk edən azarkeşlər Şvetsovun qol vurduğuna görə stadiona qayıtmağa çalışıb. Bu cəfəngiyyatdır. Stadionun ekranında cizgi filmi göstərilirdi. Hansı təkrardan söhbət gedə bilərdi? Cansız bədənləri 40 dəqiqə yığışdıra bilmədilər. "Lujniki"yə təcili yardım çağıran həkimi, az qala həbs edəcəkdilər. Məhz onun sayəsində bir neçə insan həyatı xilas olunmuşdu. Yuxarı dairələr hadisənin ictimailəşməsini istəmirdi. Həlak olanları tələsik dəfn etdilər. Valideynlər övladları ilə əməlli-başlı vidalaşa da bilmədi. Sovet hakimiyyəti illərində yaxşı olan şeylər çox idi. Amma həlak olanlara memorial ucaltmağa icazə vermirdilər. Hadisənin ildönümündə hakimiyyət gənclərin aksiyasından qorxurdu. Biz Roqojkoye qəbristanlığına gələndə hər ağacın yanında 1 milis dayanmışdı. İndi tez-tez onların məzarını ziyarət edirik. Bunda yeganə yaxşı tərəf odur ki, biz qocalırıq, mərhum dostlarımız isə xatirəmizdə gənc qalır. Bu insanları stadionda yanımızda hiss edirik".