SOCAR 5 ildə 1 698 neftçi ailəsinə mənzil verib


İqtisadiyyat 20 Okt 2017 15:19:51 284 0

SOCAR 5 ildə 1 698 neftçi ailəsinə mənzil verib

Hazırda 3 182 işçi mənzil növbəsindədir

Son 5 il ərzində Azərbaycanda 1 698 neftçi ailəsi yeni mənzillə təmin edilib.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan neft və qaz sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

O qeyd edib ki, hazırda 3 182 işçi mənzil növbəsindədir.

“Təhsillərini şirkətin təqaüd proqramı ilə başa vuran gənc neftçilərə də güzəştli şərtlərlə korporativlərə yazılmaq hüquqi verilib. 2012-2017-ci illərdə SOCAR-ın təqaüd proqramının iştirakçısı olmuş 134 gənc mütəxəssis bu yolla mənzil alıb. Hazırda Lökbatan qəsəbəsində 452 mənzilli yaşayış kompleksi inşa edilir. Yaxın vaxtlarda Qaraçuxur qəsəbəsində 96 mənzilli, Bibiheybət ərazisində 852 mənzilli yaşayış binalarının tikintisi aparılacaq. "Azərikimya" İB-də mənzil növbəsində olan əməkdaşlar üçün Sumqayıtda 272 mənzil və 5 yaşayış binasının layihələndilməsi işləri bitmək üzrədir”, - deyə SOCAR rəsmisi əlavə edib.

X.Yusifzadə qeyd edib ki, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzvlərinin əsas hissəsini SOCAR işçiləri təşkil edir: “Ötən qurultaydan keçən dövrdə neft-qaz sənayesi əməkçilərinin sosial müdafiəsinin gücləndirilməsi, iş şəraitinin və maddi rifahinin yaxşılaşdırılması məqsədilə SOCAR-da iki sosial inkişaf proqramı işlənib hazırlanıb”.

Qurultayda çıxış edən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev ötən 5 il ərzində görülən işlərdən, SOCAR-la əməkdaşlıqdan danışıb.

O qeyd edib ki, ötən 5 il neft sənayesində mühüm hadisələr baş verib: ”Yeni müəssisələrdə həmkarlar təşkilatının yaradılmasına önəm verilib. 20 xarici və müştərək müəssisədə həmkarlar təşkilatı yaradılıb və burada 21 min üzv fəaliyyət göstərir. Son beş ildə SOCAR tərəfindən 1 698 neftçi ailəsinə mənzil ayrılıb”. C.Əliyev qeyd edib ki, SOCAR neftçilərin sağlamlığı üçün də işlər görüb və indiyədək 13 350 nəfər müalicə üçün Naftalana göndərilib.

Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev da çıxış edərək görülən işlərdən danışıb.