Qaradağda "Kulturologiya və Azərbaycanda davamlı inkişaf" tədbiri keçirilib (FOTO)


Digərləri 20 Okt 2017 11:45:00 293 0

Qaradağda "Kulturologiya və Azərbaycanda davamlı inkişaf" tədbiri keçirilib (FOTO)

Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov tərəfindən “Kulturologiya və Azərbaycanda davamlı inkişaf” mövzusunda mühazirə keçirilib.

Bakı. Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov tərəfindən “Kulturologiya və Azərbaycanda davamlı inkişaf” mövzusunda mühazirə keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondu”nun əməkdaşı Ramilə Qurbanlı, rayon mədəniyyət işçiləri və rayon məktəbliləri iştirak edib. Qaradağ Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova qeyd edib ki, belə layihələr cəmiyyətin aktual məsələlərindən biri kimi, xalqımızın mədəniyyəti, milli-mənəvi və dini dəyərləri, mənəvi-kulturoloji məsələlər barəsində əhalinin, xüsusilə də gənclərin ciddi, mütəmadi və əhatəli maarifləndirilməsinə yönəlib. Bu tədbirlər gənclərin mənəvi və intellektual inkişafında çox mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondu”nun əməkdaşı R.Qurbanlı çıxış edərək, Bilik Fondu yarandığı gündən Azərbaycan tarixinin və mədəniyyətinin, azərbaycançılıq məfkurəsinin təbliğinə yönəlmiş tədbirlər təşkil etdiyini, maarifləndirici layihələr həyata keçirtdiyini qeyd edib. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq professor F.Məmmədov Azərbaycan tarixinin və mədəniyyətinin, milli-mənəvi və dini dəyərlərin vacibliyini öz nitqində qeyd edib. Kulturoloq gənclərə cəmiyyətdə ən çox ehtiyac duyulan mədəniyyət, bilik, dostluq kimi yüksək insani keyfiyyətlərdən, etik davranış qaydalarından danışıb. Kulturoloji testlərin keçirilməsi də iştirakçıların marağına səbəb olub. Sonda kulturoloq professor F.Məmmədov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Mühazirə auditoriya tərəfindən böyük maraqla qarşılanmış və belə tədbirlərin davamlı olması arzulanıb.